Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin ölümündən 27 il ötür.

345

Bu gün 1-ci Qarabağ döyüşlərində Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında müstəsna xitdməti olmuş jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin ölümündən 27 il ötür.

O, 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovskiy rayonunun Kapustin-Yar kəndində Fuad Mustafayevin və Naxış Mustafayevanın ailəsində anadan olub.

Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirib. Təhsilini başa vuran Mustafayev təyinatla Şabran rayonunda üç il həkim işləyib. Tibb İnstitutunu bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilib.

1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərib. Ancaq Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb.

Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi.

Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. Mustafayev döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələri kimi yadda qalıb.

Jurnalist 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonununNaxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub. 1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Allah rəhmət eləsin!