II Avropa Oyunları: Cüdoçularımız günə qələbə ilə başladı

215

Azərbaycan idmançıları Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının cüdo yarışlarına inamla başlayıblar.

SosialMedia.az xəbər verir ki, bu gün Azərbaycan yığmasının beş cüdoçusu qüvvəsini sınayır.

100 kq çəki dərəcəsində mübarizə aparan iki təmsilçimiz 1/16 final qarşılaşmalarını keçirib. Elmar Qasımov Anton Savitskiyə (Ukrayna) qalib gəlib. Onun 1/8 finaldakı rəqibi estoniyalı Qriqori Minaşkin olacaq.

Eyni çəkidə çıxış edən Zelim Kotsoyev isə Boyan Doşen (Serbiya) ilə qarşılaşıb. Qələbə qazanan təmsilçimiz 1/8 finalda belçikalı Toma Nikiforovla üz-üzə gələcək.

90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 finalda İqor Varapayevlə (Belarus) görüşüb. Qalib gələn cüdoçumuz 1/8 finalda fransalı Orelian Dyes ilə mübarizə aparacaq.

Qeyd edək ki, bu gün daha iki idmançımız tatami üzərinə çıxacaq. 1/8 finaldan yarışa qatılacaq Uşanqi Kokauri (+100 kq) Vinçentso Vito Draqiçlə (Sloveniya), qadın cüdoçumuz İrina Kindzerskaya (+78 kq) Yasmin Külbs (Almaniya) – Səbile Akbulut (Türkiyə) cütünün qalibi ilə görüşəcək.