Minsk-2019: Roman Heydərov Azərbaycana 21-ci medalı qazandırıb – YENİLƏNİB

229

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının karate yarışları davam edir.

SosialMedia.az-ın məlumatına görə, kişilərin kata mübarizəsində medal uğrunda qarşılaşmalar başlayıb.

Bürünc mükafat uğrunda mübarizə aparan Azərbaycan təmsilçisi Roman Heydərov da tatamı üzərində bacarığını nümayiş etdirib. O, almaniyalı İlya Smorqunerlə mübarizə aparıb. 25,46 xal toplayan təmsilçimiz rəqibini qabaqlayıb. Almaniyalı 24,54 xal yığıb. Bununla da R.Heydərov bürünc medala yiyələnib.

Bu, Azərbaycan millisinin Minsk-2019-da 21-ci medalı olub. Bunlardan üçü qızıl, altısı gümüş, on ikisi bürüncdür.

Qeyd edək ki, yığmamızın iki karateçisi bu gün yarımfinalda qüvvəsini sınayacaq. İrina Zaretska qadınların 68 kq, Asiman Qurbanlı kişilərin 84 kq çəki dərəcəsində kumite yarışlarında finala vəsiqə üçün mübarizə aparacaq.

****

Saat. 12:34

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karate yarışları start götürüb.

SosialMedia.az-ın məlumatına görə, öncə kata yarışları başlayıb.

Azərbaycan idmançısı Roman Heydərov da tatami üzərinə çıxıb. İlkin mərhələdə B qrupunda çıxış edən karateçimiz 24,63 xalla 3-cü olub. O, bu nəticə ilə turu adlaya bilib.

Təsnifat mərhələsində B qrupunda yer alan R.Heydərov 25,40 nəticə göstərib. Qrupda sonuncu olan təmsilçimiz bürünc medal uğrunda mübarizə aparmaq şansı qazanıb.

O, üçüncülük uğrunda qarşılaşmada almaniyalı İlya Smorqunerlə görüşəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Qeyd edək ki, bu gün daha iki karateçimiz mübarizəyə qoşulacaq. İrina Zaretska (68 kq) və Asiman Qurbanlı (84 kq) kumite yarışlarında qüvvəsini sınayacaq.