Boççia vasitəsilə cəmiyyətə qayıdanlar – FOTOREPORTAJ

327

Azərbaycanda fiziki məhdudiyyətli insanların sayı çoxdur. İllərdir dövlətimiz onların cəmiyyətdə rol alması üçün kifayət qədər işlər görür, onların cəmiyyətə inteqrasiyası üçün müəyyən tədbirlər planı həyata keçirir.

Fiziki məhdudiyyətli insanların əngəlsiz insanlar kimi cəmiyyətimizə faydalı ola bilməsi üçün görülən işlərdən biri də onların idman vasitəsilə inteqrasiyasıdır. Təsadüfi deyil ki, may ayında Bakıda keçirilmiş paracüdo üzrə Qran-Pri zamanı könüllülərin xidmətindən yararlanılan zaman bu üsul tətbiq olundu. Belə ki, 42 könüllü məhz fiziki məhdudiyyətli insanlar idi.

Əvvəlcə, bilməyənlər üçün onu qeyd edim ki, boççia idman növü 1979-cu ildə İtaliyada – fiziki məhdudiyyətsiz insanlar arasında keçirilən boççenin əsasında yaradılıb. Əlləri zəif olan insanlar məhz bu idman növünə qoşulmaqla özlərinin heç də fiziki cəhətdən zəif olmadığını dünyaya göstərməyə çalışır. Oyunun hədəfi birdir: 272-275 qramlıq içi qumla dolu qırmızı və ya mavi dəri toplar mümkün qədər ağ topa və ya domkrata (yuva) yaxın atılmalıdır.

1984-cü ildən Paralimpiya Oyunlarına daxil edilən boççiaya tezliklə dünyada maraq artıb. 2013-cü ilin yanvarın 1-dən Boççia Beynəlxalq İdman Federasiyası rəsmi fəaliyyətə başlayıb. Ötən ilin martında isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Boççia Federasiyası yaradılıb. Artıq idmançılarımız bu qısa müddətdə müəyyən uğur əldə edə bilib.

Hazırda boççia millimizin üzvlərindən üçü Respublika Əlillərin Bərpa Mərkəzində müalicə alır. Onlardan ikisi ilə boççiadan öncəki fəaliyyətləri və sonrakı karyerası barədə danışdıq.

Müsahiblərimiz Xəyal İslamov və Bəhruz Mirzəyev oldu. Hər ikisi əzələ distrofiyasından əziyyət çəkir. Xəyalı bu xəstəlik 14 yaşında yaxalayıb və 24 yaşından etibarən isə tam yerimə qabiliyyətini itirdiyindən əlil arabasının köməyindən istifadə etməli olub:

“İnsan yaşa dolduqca əzələsi gücləndiyi halda, bizdə tam tərsidir. Bizim kimi insanlarda əzələ boşluğu yaranır və əl-ayaq əzələləri fəaliyyətini itirir. Bir-iki dəfə ayağa qalxmağa çalışsam da, yıxılmışam. Bəlkə də, vaxtında müalicə olunsaydım, ölkə xaricinə getmək imkanım olsaydı, arabadan istifadə etməzdim. Mən araba ilə gəzməzdən əvvəl özüm üçün dartınma hərəkətləri edirdim. Amma sonradan bilmişəm ki, bu xəstəliyə düçar olan insanlar əzələsini yormamalıdır. Düşünürəm ki, bu da mənim xəstəliyimi ağırlaşdırıb”.

Sağlam olduğu vaxt ticarətlə məşğul olduğunu deyən Bəhruz isə riyaziyyatı yaxşı bildiyini qeyd edir. Millimizin kapitanı sayılan Bəhruzun sözlərinə görə,, oxumaq, ali təhsil almaq istəsə də, xəstəliyi buna imkan verməyib. Elə söhbətə də belə başlayır:

“Ümid edirəm ki, nə vaxtsa institut və ya universitet oxuyacağam… Xəstəliyim 17-18 yaşlarında özünü sağ ayağımda göstərdi. Valideynlərimə bu barədə deyəndə məni yaşadığım Masallıdan Bakıya gətirdilər. Bir xanım professor ayağıma baxdı və valideynlərimə dedi ki, məni vaxtında həkimə gətirməli imişlər, artıq üstündən keçib. O vaxtdan taleyimlə barışdım. Barışmayıb neyləyə bilərdim ki?”

Hər iki idmançı arabada gəzərkən əvvəl bu tale ilə barışmaq istəməyib. İnsanların baxışları onları həyatdan küsdürüb, hətta onları intihar həddinə çatdırıb. Xəyal deyir ki, bəzən özünü öldürmək həddinə gəlib:

“24 yaşdan 27-yə kimi özümə qapanmışam. Uşaqlar çağırırdı ki, gəl, bizimlə otur, gəlmirdim. Özümə qəsd etmək həddinə çatmışdım. Amma anama, ailəmə görə özümü saxlamışam. Bizdə araba ilə gəzənə qəribə baxırlar, qulaq çəkirlər, hətta mənə pul da təklif edənlər olub. Halbuki xaricdə bizi görəndə mehribancasına salam verirlər.

Boççiaya gəldikdən sonra isə dünyam dəyişdi.  Ağlıma da gəlməzdi ki, 30 yaşdan sonra idmanla məşğul olaram, xarici ölkələrə gedərəm. İndi mənə qeyri-adi baxanlara fikir vermirəm. Əsas odur ki, başda, beyində əngəl olmasın”.

Bəhruz da eyni, oxşar taleyi yaşadığını deyir:

“Düzdür, ilk vaxtlar bunu qəbul etmək çətin idi. Çox stres keçirirdim, insanlar arasına çıxmaqdan utanırdım, valideynlərimlə dalaşırdım. Onları sıxırdım ki, niyə mən belə olmuşam, siz niyə məni vaxtında müalicə etdirməmisiniz?! Dörd ildir ki, bu arabadayam. Üç ildir ki, bu idmanla məşğul oluram. İndi özümü normal hiss edirəm və cəmiyyətə faydalı olduğumu görüb heç də şikayətlənmirəm”.

 

Bəs 36 yaşlı Xəyal boççia ilə necə tanış olub? O, Ramanada fəaliyyət göstərən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində olarkən bu idman növü ilə tanış olduğunu deyir:

“2014-cü ilin noyabrında ora peşə fəaliyyəti kimi kompüter öyrənmək üçün getmişdim. Sənədlərimi vermişdim, qəbul olunmuşdu. Orada idmana dair kurslar da vardı. Gördüm, kiçik toplarla oyunlar keçirilir, maraq göstərdim. Təzə gəldiyimdən, dekabrdakı yarışa qatıla bilmədim. Amma 2015-ci ildən indi federasiyamızın baş katibi olan İlham Məhərrəmovun vasitəsilə yarışlara qatılıram.

Çoxlarına bu idman növü qəribə və asan gəlir. Açığı, əvvəl özümə də qəribə idi. Çünki kiçik dəri topları atmalısan. Amma bu idman növünün içində olduqda heç də asan olmadığını görürsən. Əllərimiz zəif olduğundan, bu idman növü bizə tam uyğun gəlir. Çünki elə vaxt olur ki, adi stəkanı qaldırmağa gücümüz çatmır”.

 

31 yaşlı Bəhruz isə Mərkəzə gələrkən ilk peşə fəaliyyəti rəssamlıq və muncuq-gül toxumaq olub. Onun boççiaya gəlməsinin isə öz tarixçəsi var:

“Mən Xəyalla lap əvvəldən tanış idim. Onun oynadığını görürdüm. Mən də bir dəfə özümü sınamaq qərarına gəldim. Topları atanda Xəyal mənə dedi ki, səndə nəsə görünür. İlham müəllimi isə Mərkəzdən tanıyırdım. Beləcə, mən də İlham müəllimin dəstəyilə bu idmana gəldim. İndi isə komandamıza medallar qazandırmağa çalışıram”.

Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov Bəhruza “Əjdaha” ləqəbi qoyub. Həmin bu “Əjdaha” adı ona əbəs yerə verilməyib. Çünki Bəhruz artıq ilk yarışlardan medal qazanmağa başlayıb:

“2018-ci ilin martında İspaniyada ilk beynəlxalq yarışıma çıxdım. Orada medal qazana bilməsəm də, ilk dəfədən o qədər də pis təsir bağışlamadım. Noyabrda isə İtaliyanın Olbya şəhərində ikinci yarışım oldu. Bu, regional açıq çempionat idi. 16 ölkə arasında qızıl medal qazandım.

Bu, Azərbaycan boççia tarixinin beynəlxalq yarışda qazandığı ilk qızıl medal idi. Həmin yarışda cütlük halında isə Zaurla mən bürünc medal qazandıq. Bu qızıl medal mənə Avropa və dünya çempionatında iştirak etmək imkanı verdi.

Mən bir stəkanı qaldırmaq üçün iki əlimin köməyindən istifadə edirəm. Bunu qaldırmaq mənə olduqca çətin gəlir. Amma İtaliyada Azərbaycan bayrağını qaldıra bildim. Onda başa düşdüm ki, mən, həqiqətən, cəmiyyətə lazımlı və xeyir verən insanam. Mən axı niyə ruhdan düşməliyəm ki? Əksinə, irəli getməliyəm. Ölkə başçımız, eləcə də, Milli Paralimpiya Komitəsinin rəhbərliyi də həmişə çalışır ki, biz cəmiyyətə inteqrasiya olaq və göstərək ki, nələrə qadirik”.

Cəmiyyət fiziki məhdudiyyətli insanlara hələ də qeyri-adi insanlar kimi yanaşır. Onları sanki yad planetdən gəlmiş kimi görür. Fiziki məhdudiyyətli insanlara bəzən də acizanə şəkildə yanaşılır. Elə Bəhruz da bundan narazıdır:

“Bizə dilənçi kimi baxırlar. Əslində, biz sağlamlarla eyni insanlarıq. Ola bilər ki, bir az düşüncəmiz fərqli olsun. Amma Allah bizi eyni yaradıb. Cəmiyyətə mənim çağırışım budur ki, bizi özünüzə yaxın buraxın. Biz də başqa yerdən gəlməmişik. Nə qədər yaxın buraxılsaq, bir o qədər də özümüzü cəmiyyətdə rahat hiss edərik və daha faydalı ola bilərik”.

Bəs özlərinə düşkün olan fiziki məhdudiyyətli insanlara bizim idmançıların çağırışı nə ola bilər? Onları öz dillərindən eşidək:

“Bizim 600 mindən çox əlilimiz var. Onların 90 faizi özlərinə qapalı vəziyyətdə yaşayır. Bu yerdə valideynlərin də müəyyən günahı var. Elə valideyn var ki, fiziki məhdudiyyətli övladını bayıra çıxmağa qoymur. Onlar övladından utanır. Qorxurlar ki, birdən tanışları onların övladını görər. Bu yolla da fiziki məhdudiyyətli insanlar həm cəmiyyət, həm də valideynlər tərəfindən özünəqapalı vəziyyətə düşür.

Buna pis baxırıq. Həmin valideynlərə demək istəyirik ki, övladlarını fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulmuş peşə məktəblərinə qoyun. Xaricdə, bəlkə də, belə bir şey yoxdur. Dövlətimizin yaratdığı imkanlardan yararlanın. Ən böyük Mərkəz də Sabunçu rayonunda – Ramanada açılıb.

İndi orada peşəyə yiyələnmişlərdən eləsi var nazirlikdə işləyir, eləsi də var ki, Əlillərin Bərpa Mərkəzində. Yəni gəlin, Ramanakı Mərkəzə yazılın. Ya bizim kimi idmanı özünüzə peşə seçin, ya da başqa bacara bildiyiniz sahə ilə məşğul olun. Yetər ki, Azərbaycana faydalı olduğunuzu göstərin”.

Boççia yarışları dörd kateqoriya üzrə keçirilir: BC1, BC2, BC3 və BC4. Müsahiblərim BC4 kateqoriyasında yarışır. Lakin BC3 kateqoriyası altında yarışan idmançımız da olub. Onlardan ən məşhuru Qafqaz Hüseynov adlı millimizin üzvü idi. Əllərinin qüvvəsi topları atmağa imkan vermədiyindən, o, boççianı alnı ilə oynayıb. Həmçinin BC1-də Mətanət Qüdsi və BC2-də Sona Ağayeva kimi xanım idmançılarımız beynəlxalq yarışlarda mübarizə aparıb.

Bəhruz Mirzəyevi 26-31 avqust tarixlərində İspaniyanın Sevilya şəhərində keçiriləcək Avropa Regional çempionatı gözləyir. İlk dəfə bir millimizin üzvü Avropa çempionatında debüt edəcək. Əgər o, orada qızıl medal qazana bilsə, birbaşa 2020-ci ildə keçiriləcək Tokio Paralimpiya Oyunlarına vəsiqə qazanacaq.

Onun qızılı həm də millimizin digər üzvünün də Paralimpiya Oyunlarında iştirakına yaşıl işıq yandıracaq. Avropada bir ildir ki, mübarizə aparmasına baxmayaraq, Bəhruzdan çoxları medal gözləyir. Baxmayaraq ki, onun rəqibləri arasında Paralimpiya çempionları da var.