Bakı-2019: Azərbaycan üzgüçüsü yarımfinala vəsiqə qazanıb

258

Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında üzgüçülük yarışları davam edir.

SosialMedia.az-ın məlumatına görə, bu idman növü üzrə ikinci yarış günündə Azərbaycan yığmasının dörd üzvü mübarizə aparıb.

Oğlanların 200 m məsafəyə batterflyayla üzmək yarışı millimiz üçün uğurlu alınıb. Azərbaycan idmançısı Ramil Vəlizadə Bakı-2019-da mərhələ adlayan ilk üzgüçümüz olub. 2 dəqiqə 03,27 saniyə nəticə göstərən R.Vəlizadə 27 iştirakçı arasında 7-ci olub. O, saat 18:12-də başlayacaq yarımfinalda qüvvəsini sınamaq imkanı qazanıb.

100 m məsafəyə sərbəst üsulla üzən oğlanların mübarizəsində Maksim Petrenko 47 iştirakçı arasında 46-cı yeri tutub. O, finişə 56,78 saniyəyə çatıb.

Qızların eyni üsulla 400 m məsafəyə üzmə yarışında Aysel Səfərova uğursuz çıxış edib. 4 dəqiqə 47,84 saniyə nəticəyə imza atan üzgüçümüz 42 idmançı arasında 39-cu olub.

Rəşad Əliquliyev sərbəst üsulla 1500 m məsafəyə üzən oğlanların mübarizəsində qüvvəsini sınayıb. Məsafəni 17 dəqiqə 36,55 saniyəyə qət edən üzgüçümüz 14 iştirakçı arasında sonuncu yeri tutub.