Xəzərin sahilboyu zolağını qanunsuz zəbt edən iş adamının xeyrinə çıxarılan qərar ləğv edilib

229

Əmlak Məsələləri Dövlət Komitəsinin “Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin cərimələnməsi ilə bağlı apelyasiya şikayətinə baxılıb.

SosialMedia.az-ın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəməsinin qərarı ləğv edilib və iş yenidən Nəsimi rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi Y. Qədimbəyli barəsində İnzibati Xətalar Məcəlləsinin 248.2-ci maddəsi ilə, yəni Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması ilə əlaqədar protokol tərtib edib. Y. Qədimbəyli bu əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməkdə təqsirləndirilir.

Nəticədə o hüquqi şəxs kimi 50 min manat məbləğində cərimələnib.

Nəsimi Rayon Məhkəməsi cərimə qərarını ləğv edib. Qərardan narazı qalan Dövlət Komitəsi apelyasiya şikayət verib.

Y. Qədimbəyli həm də Qafqaz TV (əvvəllər “Xəyal” adlanıb) regional telekanalının sahibidir.