Qurban ətini satmaq olar? – İlahiyyatçıdan QEYRİ-ADİ CAVAB

77

Qurban bayramında bəzi bölgələrdə qurbanlıq ətin satılması kimi halla qarşılaşmaq mümkündür.

Xüsusən də qurban kəsməyən şəxslər ət mağazalarından “qurbanlıq ət” adı altında satılan ətlərdən alırlar. Burada məqsəd sırf evdən qurban ətindən bişirilə yeməyin iyinin çıxmasıdır. Daha çox bölgələrdə yaşanan bu vəziyyətə münasibət isə birmənalı deyil.

Maraqlıdır ki, qurbanlıq ətin pulla satılması doğrudurmu?

Məsələ ilə bağlı ilahiyyatçı Hacı Surxay Məmmədli SosialMedia.az-a açıqlamasında bildirib ki, qəssabların “qurban əti” adı altında ət satması doğru addım deyil:

“Qurban insanın Allaha yaxın olması, onun razılığını qazanmaq məqsədilə etdiyi xeyir əməldir. “Qurban” sözünün mənası “Allaha yaxınlaşmaq” deməkdir. Yəni, Qurban bayramında sosial yardımlaşma və paylaşma anlayışı var. Hər qurbanlıqda Allah rizası olmalıdır. Bütün dini ayinlərin icrası Allaha yaxınlaşmaq məqsədi daşıyır. O cümlədən, Qurban bayramı bir ibadətdir. Qurbanlıq insanın gücü miqdarında olmalıdır. Yəni, bəndənin bir qoyun, keçi, dəvə və ya inək kəsmək iqtidarı varsa, qurban alıb kəsməlidir. Qurban payı 3 yerə bölünür. Bu paylar insanın öz ailəsinə, qonşulara və ehtiyacı olan ailələrə və nəhayət bacı-qardaşa verilir. İnsanın bazardan aldığı ət qurban əti sayılmır”.

İlahiyyatçı vurğulayıb ki, qurbana xüsusi dua oxumaq və ona şərik olmaq  zəruridir:

“Heyvan kəsilmədən öncə onun bəslənməsi və qulluq edilməsi qurbanlıq niyyəti ilə edilməlidir. Qurban bayramında xüsusən də ehtiyacı olanlara qurban əti verilməlidir. Peyğəmbər (s.ə.s) adətən iki qurban kəsərdi. Onlardan biri özü, digəri isə ehtiyacı olan insanlar üçün olurdu. Bütün hallarda isə qurban əti satılmamalıdır”.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.