Birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib

285

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə avqust ayının 29-da “Dini qurumlar və QHT-lər: birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib.

SosialMedia.az xəbər verir ki, DQİDK-nın sədr müavini Gündüz İsmayılov Azərbaycandakı nümunəvi dövlət-din münasibətlərinin formalaşması, dini radikalizmlə mübarizə və dini maarifləndirmə sahəsində QHT-lərlə dini qurumların birgə fəaliyyətinin önəmi barədə danışıb.
Din sahəsində qarşıda duran məqsədlərə, xüsusilə dini-ideoloji, milli və ictimai təhlükəsizlik baxımından hədəflərə toxunan G. İsmayılov bildirib ki, DQİDK-nın bu istiqamətlərdə müvafiq dövlət qurumları, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi, qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır.

Sədr müavini vurğulayıb ki, dini sahədə radikalizmlə yanaşı, din pərdəsi adı altında milli kimliklə dini kimlik anlayışının, azərbaycançılıq ideologiyası ilə İslamın qarşı-qarşıya qoyulması, dünyəvilik prinsiplərinə zidd təbliğatın aparılması, qadın hüquqlarına, Azərbaycanın ənənəvi ailə institutuna, dünyəvi təhsil sisteminə qarşı təhdid cəhdləri var. Bu kimi təhdidlərə qarşı dini maarifləndirmənin, xalqımızın tolerant, multikultural və mənəvi dəyərlərinin təbliğ və təşviq edilməsi olduqca vacibdir. Bu istiqamətlərdə, xüsusilə Prezident İlham Əliyevin elan etdiyi “Multikulturalizm İli” və “İslam Həmrəyliyi İli”ndə qeyri hökumət təşkilatlarının kifayət qədər aktivlik nümayiş etdirdiyini qeyd edən G.İsmayılov vətəndaş cəmiyyətləri ilə əməkdaşlığın genişləndirilməsi üçün geniş perspektivlərin olduğunu deyib.

QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə demokratik proseslərin inkişafında QHT-lərin rolunun daha da genişləndirilməsi üçün hərtərəfli tədbirlərin həyata keçirildiyini bildirib. Mövzunun əhəmiyyətinə toxunan F.Qurbanov təmsil etdiyi qurumla DQİDK arasında birgə fəaliyyət haqqında imzalanan protokola əsasən icra edilən layihələrin dini radikalizmə qarşı mübarizəyə, milli-mənəvi dəyərlərin təbliğinə öz töhfəsini verdiyini vurğulayıb.
DQİDK yanında İctimai Şuranın sədri, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev çıxışı zamanı qeyd edib ki, QHT-lər hər zaman dövlətin maraqlarının qorunması, ictimai əhəmiyyətli məsələlərin həllində fəallıq nümayiş etdirirlər. Dini icmaların da vətəndaş cəmiyyətinin tərkib hissəsi olduğunu vurğulayan Ə.Nuriyev sosial şəbəkələrin ictimai rəyə hakim kəsildiyi bir zamanda dini bilgilərə sahib şəxslərin, xüsusi fəallıq göstərməsinin vacibliyindən danışıb. Bu istiqamətdə Azərbaycan İlahiyyat İnstitutunun hazırladığı kadrların və QHT-lərin potensialından istifadənin önəmli olduğunu qeyd edib.

“Din və Demokratiya Mərkəzi” ictimai birliyinin sədri Nəriman Qasımoğlu bildirib ki, Azərbaycanda nümunəvi dövlət-din münasibətləri, tolerantlıq mühiti mövcuddur. Bu modeli və sabitliyi qorumaq üçün maarifləndirici tədbirlər davam etdirilməlidir. O, eyni zamanda dini icmaların ictimai cəhətdən faydalı layihələrə, kampaniyalara cəlb edilməsinin zəruriliyindən bəhs edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Müasir İnkişaf” ictimai birliyinin sədri Mübariz Göyüşlü çıxışlarında cəmiyyətdə radikallığa şərait yaradan halların aradan qaldırılması istiqamətində müvafiq qurumlar arasında koordinasiya şurasının yaradılması və bu prosesə internet medianın cəlb edilməsi, eləcə də layihələrin daha uzun müddətli olması barədə fikirlər səsləndiriblər.

Müzakirələrlə davam edən konfrans zamanı dini qurumların vətəndaş cəmiyyəti institutları ilə birgə müxtəlif layihələrin reallaşdırılmasının vacibliyinə toxunulub, faydalı təkliflər irəli sürülüb.