“Zəif əzələ, güclü iradə” adlı kitabın təqdimatı olub

464

Sentyabrın 7-də “Akademkitab” kitab evində I qrup fiziki məhdudiyyətli yazar Samir İmanovun “Zəif əzələ, güclü iradə” adlı kitabının təqdimatı olub.

SosialMedia.xəbər verir ki, tədbiri “Akademkitab”ın direktoru Əliağa Cəfərli açaraq kitabın hamı üçün bir örnək olduğunu, fiziki məhdudiyyəti olan insanlara hər vaxt diqqət göstərməyin lazım olduğunu vurğulayıb.

Tədbirin təşkilatçısı Şəhla Aslan və digər çıxış edənlər kitab barədə öz fikirlərini bölüşüblər. Bildirilib ki, “Zəif əzələ, güclü iradə” adlı bu kitab Samir İmanovun əlilliyi olan insanların həyatına, düşüncələrinə həsr etdiyi üçüncü kitabıdır. Samirin “Hədəfdəki insan”, “Özünlə fəxr et” adlı bundan əvvəlki kitablarında da əlilliyi olan insanın həyatından bəhs edilib.

Qeyd edilib ki, 1981-ci ildə Sumqayıt şəhərində anadan olan Samir İmanov uşaq yaşlarından serebrial iflic və hemofiliya xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, ağır xəstəliklərə mətanətlə sinə gərib. Hazırda bədii yaradıcılıqla məşğuldur, bir çox yazı müsabiqələrinin qalibidir.

Sonra çıxış edən müəllif tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkür edərək deyib ki, kitabı yazmaqda əsas məqsəd, əlilliyi olan insanlarda ruh yüksəkliyi yaratmaq, onlara faydalı ola biləcək məsləhətlər vermək, mövcud problemləri qabardaraq, onların həllinə müəyyən qədər nail olmaqdır. Eləcə də əlilliyi olan insanları cəmiyyətə düzgün şəkildə təqdim etməkdir.

Sonda Samir İmanov oxucuları üçün kitabını imzalayıb.