Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibə keçiriləcək

152

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 2-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafikini müəyyən edib.

DİM-dən SosialMedia.az-a verilən xəbərə görə, elan üzrə 12 dövlət orqanında mövcud olan 58 vakant vəzifə üzrə 65 yer ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə 179 namizədlə 171 müsahibənin keçirilməsi planlaşdırılır.

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ümumi şöbə, Vətəndaşların qəbulu sektoru, məsləhətçi (1 vakant yer üzrə 26 namizəd), Sosial təminat siyasəti şöbəsi, Dövlət sosial yardımı siyasəti sektoru, sektor müdiri (1 vakant yer üzrə 12 nəfər), Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsi, Fərdi uçota nəzarət sektoru, sektor müdiri (1 vakant yer üzrə 12 nəfər) vəzifələri olub.

Müsahibələrin 23 sentyabr-14 noyabr 2019-cu il tarixlərində keçirilməsi planlaşdırılır.

DİM həmçinin 42 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 354 (A növündə 50 vakant vəzifə üzrə 51 yer, B növündə 304 vakant vəzifə üzrə 457 yer) vakant vəzifəni də müsahibəyə çıxarıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 1043 namizədlə 1611 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi məsləhətçi (1 vakant yer üzrə 86 namizəd), Dövlət Statistika Komitəsi Bakı şəhəri statistika idarəsi, Maliyyə və təsərrüfat sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 74 namizəd) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Dəniz Agentliyi, Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsi, Kadr sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 55 namizəd), Gənclər və İdman Nazirliyi, Sabunçu rayon Gİİ məsləhətçi (1 vakant yer üzrə 37 namizəd), Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi, məsləhətçi – kompyuter proqramçısı ( 1 vakant yer üzrə 31 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin 23 sentyabr-26 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulur.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.