Vergilər Nazirliyi startapları və biznesə yeni başlayanları hüquqi şəxs kimi qeydiyyatdan keçməyə çağırıb

58

“Biznesə başlamaq prosedurunun asanlaşması nəticəsində bu il yanvarın 1-dən başlayaraq ötən 9 ay ərzində, respublika üzrə dövlət qeydiyyatından keçən vergi ödəyicilərinin – fiziki və hüquqi şəxslərin  sayı 1 milyon 31 min 164 olub”.

SosialMedia.az-Economics”in məlumatına görə, bunu bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Biznesə başlama” mövzusunda keçirilən təlimdə Vergilər Nazirliyinin müşaviri Ələkbər Məmmədov bildirib.

Ə. Məmmədov deyib ki, 135 minə yaxını bilavasitə hüquqi şəxs və təşkilatlardır: “Ümumi vergi uçotunda olan 1 milyondan çox vergi ödəyicilərinin 13%-dən çoxu hüquqi şəxs, filial və nümayəndəliklərdir. Bu ilin sentyabrın 1-nə qədər qeydiyyata alınmış hüquqi şəxslərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 26,3% artıb. Cari ilin avqust ayında 1 372 kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Bu, ötən ilin avqust ayı ilə müqayisədə 47% çoxdur. Biznesə başlamaqla bağlı qeydiyyatın asanlaşdırılması nəticəsində elektron qeydiyyatın çəkisi 70%-dən 89%-ə qədər artıb. Son 3 ay ərzində qeydiyyata alınan hüquqi şəxslərin içərisində qeydiyyata alınanların sayı 90%-i keçib. Bu, yaxın vaxtlarda hüquqi şəxslərin qeydiyyatının tam elektronlaşdığını görəcəyimizi göstərir ”.

Vergilər nazirinin müşaviri qeyd edib ki, uğurlu biznes asan qeydiyyatdan başlayır: “Əgər  hüquqi şəxslərin dövlət qeydiyyatının 90%-dən çoxu elektron qeydiyyatdan keçirsə, bu, mənzərəni ortaya qoyur. 2018-ci ildən başlayaraq bu sahədə neqativ proseslər aralan qaldırılmağa başlandı”.

Ə. Məmmədov nəzərə çatdırıb ki, qeydiyyatdan keçən vergi ödəyicilərinin yalnız 13%-dən çoxunun hüquqi şəxs olması qaneedici sayıla bilməz: “Vergi ödəyicilərinin hüquqi şəxs kimi qeydiyyata alınması onların işlərində nə qədər ciddi olduğunu göstərir. Bu baxımdan startapların da məhz hüquqi şəxs kimi qeydiyyatdan keçməsi yaxşı olardı. Niyə əvvəllər fiziki şəxs kimi qeydiyyatdan keçməyə üstünlük verilirdi? Hətta ciddi şəxslər də hüquqi deyil, fiziki şəxs kimi qeydiyyatdan keçməyə üstünlük verirdilər. Çünki elektron imza alınması tələb edilirdi və insanlar da bunu əlavə çətinlik kimi qəbul edirdilər. Artıq isə elektron imzaya ehtiyac yoxdur, PİN kod vasitəsi ilə dövlət qeydiyyatına alınmaq mümkündür. 20 dəqiqə ərzində FİN kod və mobil telefonla elektron qaydada qeydiyyata alınmaq mümkündür”.