Milli Məclisdə banklarla bağlı problem qaldırılıb

18

“Prezident əhalinin 10 min dollara qədər kredit borcunun ödənilməsi barədə tapşırıq verib. Amma 620 milyon manatın əhaliyə verilməsindən sonra da bank sektorunda problemlər həllini tapmadı”.

SosialMedia.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında millət vəkili Vahid Əhmədov  bildirib.

V. Əhmədov deyib ki, bank sektorunun sağlamlaşdırılması hökumət və real sektor üçün ən vacib məsələlərdən biridir: “Niyə bank sistemində vəziyyət ağır olaraq qalır? Bank rəhbərləri Milli Məclisə dəvət oluna və bu məsələlər araşdırıla bilər. Digər tərəfdən devalvasiyadan tək fiziki şəxslər yox, hüquqi şəxslər də əziyyət çəkib. Hüquqi şəxslərə də yardım edilməlidir. Bu, pul deyil, qiymətli kağızlar şəklində həyata keçirilməlidir”.

V. Əhmədov bununla bağlı həmkarı Əli Məsimli ilə birlikdə Prezident İlham Əliyevə müraciət etdiklərini də xatırladıb.

Millət vəkili təhsil krediti ilə bağlı qanunun qəbulunu da vacib sayıb:  “Təhsil kreditini ödəyə bilmədiyi üçün çoxlu sayda gənc təhsil ala bilmir. Ona görə də bu barədə qanun layihəsinin gündəliyə salınması və qəbulu vacibdir”.