Səssiz dünyaya səs verdik-Bu günü eşitmə və nitq məhdudiyyətli şəxslərin günüdür

1224

Hər il sentyabrın son bazar günü “Beynəlxalq Karlar” Günü kimi qeyd edilir. Həmin gün 1951-ci ildə Lal-Karların Dünya Federasiyasının yaradılması şərəfinə təsis edilib. Bu günün hədəfi karların üzləşdikləri gündəlik problemlərlə bağlı cəmiyyətin məlumatlandırılmasıdır.

Planetdə 2500 dil mövcud olsa da, son vaxtlar alimləri daha çox baxış və jestlərlə olan ünsiyyət forması maraqlandırır. 1760-cı ildə rahib de Lepe Parisdə lal-karlar üçün ilk məktəbin əsasını qoyub. O, mimikalarda danışıq üsulunun banisi, jest dilinin böyük tərəfdarı idi.
Beynəlxalq Lal-Karlar Federasiyası eşitmə pozğunluğundan əziyyət çəkən insanların problemlərinə siyasətçi, hakimiyyət nümayəndələri, kütləvi-informasiya vasitələri işçiləri və ictimaiyyətin diqqətini yönəltmək üçün müxtəlif tədbirlər keçirməyə çağırır.

SosialMedia.az xəbər verir ki, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” ictimai birliyinin rəhbəri Cəmilə Çingizqızının sözlərinə görə lal-karların qapalı və ünsiyyətsiz olduqları barədə deyilənlər həqiqətə uyğun deyil. Onların səssiz dünyalarının olmalarına baxmayaraq onlardan bir çoxu şən və pozitiv əhval ruhiyyə verməyi bacaran olmaqla yanaşı, karyera seçimində bir çoxu rəssam, zərgər, bərbər, vizaj və s. sahələrdə sənətkar olurlar.

Cəmilə xanım bildirir ki, sentyabrın son həftəsində Dünya Eşitmə Məhdudiyyəti olan insanlar günü kimi qeyd olunur. Elə bu səbəbdən biz də ictimai birlik olaraq, bu günü birliyimizin eşitmə məhdudiyyətli üzvlərınə həsr edərək, onlar üçün dənizkanarı Milli Bulvar İdarəsinin dəstəyi ilə gəzinti təşkil etdik. Gəzintiyə 30 məhdudiyyətli gənc qatılaraq gözəl bir gün keçirdik. Arzu edirəm ki, təkcə bu gün deyil hər bir gündə məhdudiyyətli insanlar unudulmasın və hər bir sahədə onlara dəstək göstərilsin.