Dövlətə xəyanətdə təqsirləndirilən keçmiş MTN əməkdaşının istintaqı başa çatıb

127

Dövlətə xəyanətdə təqsirləndirilən 1977-ci il təvəllüdlü Yusifzadə Bəhruz Yaşar oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

SosialMedia.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı rəsmi məlumatda qeyd olunur ki,  B. Yusifzadə təhlükəsizlik orqanlarında xidmətdən ehtiyata buraxıldıqdan sonra xarici ölkələrə səfərlərində əvvəllər məxfi əməkdaşlığa cəlb etdiyi xarici ölkə vətəndaşının vasitəsilə onunla əlaqə quran xarici xüsusi xidmət orqanları əməkdaşları ilə görüşlər təşkil edib. Onlar tərəfindən maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib, yenidən Azərbaycan xüsusi xidmət orqanlarından hər hansı birinə işə düzəlməyə cəhd etmək barədə tapşırıq alıb. B.Yusifzadə göstərilən istiqamətdə fəaliyyət göstərərkən ifşa olunub.

B.Yusifzadənin casusluq fəaliyyətinə, xarici xüsusi xidmət orqanlarından maddi vəsait qəbul etməsinə dair çoxsaylı video və sair materiallar əldə edilib. B.Yusifzadə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.