Direktor: “Uşaq Qaynar Xəttinə müraciətlər artıb”

93

“Bu gün Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfransda Uşaq Qaynar Xəttinin təqdimat mərasimi də keçiriləcək. Avropada tanınmış Avropa telekommunikasiya şəbəkəsinin yeganə Uşaq Qaynar Xətti var ki, (116-111) ötən həftə Azərbaycanda da fəaliyyətə başlayıb. Telefon xidməti aktivdir. Dövlət qurumlarına da yönəldilib, regionlarda da yoxlamalar aparılıb”.

SosialMedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Uşaq Qaynar Xəttinin direktoru Kəmalə Aşumova deyib. O, Azərbaycan Uşaq Qaynar Xəttinnin fəaliyyəti ilə bağlı məlumat verib:

“Hər il qaynar xəttə daxil olan zənglərin sayı 2500-3500 arasında dəyişir. Bu il oktyabr ayına qədər olan statistik məlumata əsasən, 3460 zəng daxil olub, zənglərin sayında artım var. Çünki texniki şərait dəyişir, texnologiyalar yenilənir, maarifləndirilmə işləri də aparıldığı üçün məlumatlılıq artır və zənglər çoxalır”.

K.Aşumova bildirib ki, müraciətlər əsasən sosial təhlükəli vəziyyətlər, şəraitsizlik, uşaqların psixoloji zorakılığa məruz qalması, etinasızlıq halları və s. ilə bağlı olub:

“Hazırda “Uşaq qaynar xətt xidməti” 4 uşaqla iş aparır. Onlar özünə inamsızlıq, yaşamamaq hissi ilə bağlı müraciət etmişdilər. Təşkilatımız uşaq problemləri ilə də məşğul olduğu üçün 2019-cu ildə aldığımız rəsmi məlumatlara görə, Azərbaycanda 7 yetkinlik yaşına çatmayan uşaq öz həyatına sui-qəsd edib. Zənglər müxtəlif şəxslər tərəfindən olur. Məsələn, müəllimlər, məktəb rəhbərləri, valideynlər və uşaqların özləri tərəfindən. Bizə müraciət edən uşaqlar bildirirlər ki, atası anası ilə görüşməyə qoymur və ya əksinə. Bunlar hamısı uşağın emosional vəziyyətinə təsir edirsə, biz deyə bilərik ki, bu, psixoloji zorakılıqdır. Elə olur ki, uşağı təsir altına salırlar, valideynə nifrət hissi oyadırlar – bunlar bizdə psixoloji zorakılıq faktı kimi qeydə alınır. Təbii ki, bunlar araşdırılır, təşkilat olaraq onları dövlət qurumlarına yönəldirik”.