Paytaxtda pərakəndə ticarət dövriyyəsinin həcmi 3,4% artıb

136

Bu ilin yanvar-sentyabr aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,4% artaraq 15 019,9 mln. manata bərabər olub.

SosialMedia.az-ın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə,

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan məhsulların həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 3,3% üstələyərək 14 996,1 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı məhsulların alınmasına 2018-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə orta hesabla ayda 34,2 manat çox vəsait xərclənib.

Bu ilin 9 ayı ərzində pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2018-ci ilin müvafiq dövrü ilə  müqayisədə 2,9% artaraq 6 859,8 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4% artaraq 8 160,1 mln. manata bərabər olub. Dövriyyənin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 0,3% artaraq 45,7% təşkil edib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,7%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 18,5%-i toxuculuq məhsulları, geyim, ayaqqabıların, 3,7%-i elektrik malları və mebelin, 1,4%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,1%-i əczaçılıq və tibbi malların, 9,9%-i avtomobil yanacağının, 18,7%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.