Deputat I və II sinif şagirdləri üçün ev tapşırıqlarının ləğv olunmasını istəyib

117

“Məktəblərdə, xüsusilə də rus bölməsində dərsliklərin keyfiyyətinə nəzarət edilməlidir”.

SosialMedia.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elmira Axundova deyib.

O bildirib ki, dərsliklər yenidən işlənməlidir: “Hazırda dərsliklərin keyfiyyəti heç kimi qane etmir. V sinif Ana dili dərsliyini analiz etdim və burada nəinki uşaqlara rəsmi dövlət dilini öyrədəcəyik, əksinə onlarda bu dilə qarşı etinasızlıq yaranacaq. Axı nə üçün orta məktəblərdə şagirdləri həddindən artıq ev tapşırığı ilə yükləyirlər? Bəzi hallarda heç tapşırıqların izahı da verilmir. Müəllimlərin onların üzərinə düşən vəzifələri çox vaxt valideynlərin çiyinlərinə yükləyirlər. Bunu proqramın gərginliyi ilə izah edirlər. 6 yaşlı uşaqlar dərsdən gələrkən axşam saat 8-9-a kimi ancaq ev tapşırıqları ilə məşğul olurlar. Bu qədər ağır yük altında şagirdlərin məktəbə qarşı nifrəti oyana bilər. Hesab edirəm ki, I və II sinifdə ev tapşırıqları ləğv olunmalı, ya da cüzi olmalıdır. Yoxsa, uşaqlarımız idman və ya hər hansı incəsənət növləri ilə məşğul olmağa vaxt tapmayacaqlar. Belə olan halda məktəblər robot insanlar yetişdirəcək. Onlar bu qədər oturaq həyat tərzi keçirməklə səhhətlərində ciddi problemlər yarana bilər”.