Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin qalibləri müəyyən olunub

315

SosialMedia.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi keçirilib.

Məqsəd əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların bacarıq və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması, onların yaradıcılıq imkanlarının və ümumən cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir.

Baxış-müsabiqədə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət sahəsində istedad və qabiliyyətlərini nümayiş etdirmək imkanı yaradılıb. İlk mərhələdə ümumilikdə 341 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın iştirakı ilə ölkəmizin regionlarında zona baxış-müsabiqələri keçirilib. Münsiflər heyətinin qərarına əsasən onlardan ümumilikdə 193 nəfər baxış-müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb.

Final mərhələsində isə iştirakçılardan 25 nəfəri baxış-müsabiqənin qalibləri müəyyən olunub.

3 Dekabr – Beynəlxalq Əlilliyi olan şəxslər günündə baxış-müsabiqənin qaliblərinə fəxri diplom və mükafatların, final mərhələsinin digər iştirakçılarına həvəsləndirici təşəkkürnamə və mükafatların təqdim edilməsi nəzərdə tutulub.

Eyni zamanda, həmin gün Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə yekun konsertin keçirilməsi planlaşdırılıb.