Parlamentdə Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət qəbul edilib – YENİLƏNİB-2

19

Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi hazırlanıb.

SosialMedia.az-ın xəbərinə görə, layihəni Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub. Daha sonra qərar layihəsi səsverməyə çxıarılıb və səs çoxluğu ilə qəbul edilib.

***

12.07

“Cənab Prezident tərəfindən həyata keçirilən struktur islahatları yeni mərhələyə qədəm qoyub. Aparılan islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır”.

SosialMedia.az-ın xəbərinə görə, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Oqtay Əsədov deyib.

 O bildirib ki, noyabrın 28-də Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Milli Məclisə müraciət ediblər: “Konstitusiyaya uyğun olaraq Milli Məclisin bu məsələyə baxıb, müzakirə etmək hüququ var. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların  dərinləşməsi, parlamentin yeniləşməsini zəruri etmişdi”.

***

12.01

Milli Məclisin iclası başlayıb.

SosialMedia.az-ın Milli Məclisin saytına istinadən verdiyi xəbərə görə, iclasda Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi məsələsi müzakirə edilir.

***

11.03

Bu gün Milli Məclisin iclası keçiriləcək.

SosialMedia.az-ın Milli Məclisin saytına istinadən verdiyi xəbərə görə, iclasın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi məsələsi daxil edilib.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.

Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini açıqlayıb. Noyabrın 28-də YAP üzvü olan deputatlar məsələ ilə bağlı Milli Məclisə müraciət ediblər.