Qüdrət Həsənquliyev: “Milli Məclisin buraxılması müxalifətə parlamentdəki yerlərini artırmaq üçün şansdır”

22

“Hesab edirəm ki, iqtidar nüfuzunun yüksək olduğu dövrdə seçkilərə gedir. Bu da başa düşüləndir”.

SosialMedia.az-ın xəbərinə görə, bunu parlamentin bu gün keçirilən iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, sağlam və konstruktiv müxalifət olaraq növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyir: “Hesab edirəm ki, bu, müxalifətə parlamentdəki yerlərini artırmaq üçün bir şansdır. Həm həmişə söyləmişəm ki, parlamentin çatışmayan cəhəti burada müxalifət fraksiyasının olmamasıdır”.

Deputat qeyd edib ki, həm iqtidar, həm də parlamentdəki müxalifət partiyaları xalq qarşısında məsuliyyət daşıyır: “Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Konstitusiyada hər hansı bir prosedur nəzərdə tutulmayıb. Dünyada qəbul olunmuş bir məsələ var ki, parlament çoxluğu istənilən vaxt, ölkədə böhran yarandıqda, özünə inamı bərpa  və digər məsələləri əsas götürərək növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış edə bilər. Hesab edirəm ki, bizim də bu səlahiyyətlərimiz var”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, bu gün Azərbaycanın ən yeni siyasi, parlamentarizm tarixində mühüm hadisə baş verir: “Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycan cəmiyyətinin bütün sahələrini əhatə edir. Ona görə də bu islahatlar qanunverici orqanı da əhatə etməlidir”.

YAP-ın Azərbaycanın siyasi sisteminin sütunu olduğunu deyən deputatın sözlərinə görə, partiya yarandıqdan sonra cəmiyyətə siyasi mədəniyyət, siyasi əxlaq və siyasi davranış gətirib: “YAP-ın Siyasi Şurasının məlum tövsiyəsi Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların fəlsəfəsinə uyğundur. Hesab edirəm ki, partiyanın Siyasi Şurasının tövsiyəsi milli inkişaf çağırışları ilə uyğunlaşır və gələcək inkişafımızda mühüm rol oynayacaq”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə bildirib ki, uzun illər ərzində aparılan quruculuq siyasəti yeni Azərbaycanı formalaşdırıb: “Bununla yanaşı, xalq müasirləşib, tələbləri artıb, onun düşüncə tərzi, təhliletmə qabiliyyəti yüksəlib. Bir sözlə, Azərbaycanda milli və müasir şüur formalaşıb və bu şəraitdə biz Milli Məclisin xalqın qarşısında təmsilçiliyimizi mütləq yenidən təsdiq etməliyik. İslahatların məntiqi, dünya təcrübəsi, beynəlxalq öhdəliklər bunu belə tələb edir. Biz xalqın müasirlik səviyyəsinə uyğun, müxtəlif dilləri bilən, vətənpərvər, peşəkar insanlara daha geniş yol açmalıyıq. Biz xarici siyasətimizi ən yüksək səviyyədə təmsil etməliyik. Biz xalqımız və prezidentimizin yüksək tələblərinə uyğun yeni parlament formalaşdırmalıyıq”.