Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin Qala konserti olub

310

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq keçirilən Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə Qala konsert proqramı təqdim olunub.

Bu barədə SosialMedia.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçiriləcək tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, hökumət rəsmiləri, qeyri-hökumət qurumlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə S.Babayev vurğulayıb ki, Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi bu kateqoriyadan olan insanların bədii yaradıcılıq sahəsində də istedad və qabiliyyələrə malik olduqlarını bir daha təsdiq etdi. Ulu öndərimiz Heydər Əliyevin dəstəyi ilə hələ 1990-cı illərdən belə tədbirlərin təşkil edilməsinə başlanıb.
Ötən dövrdə də əlilliyi olan şəxslərin ümumrespublika səviyyəli bədii yaradıcılıq sərgi və baxış-müsabiqələrinin keçirilməsi artıq ənənəyə çevrilib. Prezident cənab İlham Əliyev “Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər” deyə bəyan edib və Azərbaycanda aparılan işlər də bu sözləri əməli şəkildə təsdiqidir. Sevindirici haldır ki, hər il keçirilən bu tip tədbirlərə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar böyük maraqla və fəallıqla qoşulurlar. Onlara imkan yaradılır öz istedad və qabiliyyətlərini cəmiyyətə təqdim eləsinlər.
Nazir deyib ki, əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, reabilitasiya imkanlarının artırılması ilə yanaşı, eyni zamanda, əsas məqsədlərdən biri də onların cəmiyyətə fəal inteqrasiyasına, ictimai həyatda fəal iştirakına nail olmaqdır. Yenicə yekunlaşan Bədii Yaradıcılıq Baxış-müsabiqəsi də elə bu məqsədə xidmət edir.

Sonra Baxış-müsabiqəsi qaliblərinə diplom və mükafatlar, digər iştirakçılarına həvəsləndirici təşəkkürnamə və mükafatlar təqdim edilib.
Qeyd edək ki, bu ilki Baxış-müsabiqəsində 341 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın iştirakı ilə ölkəmizin regionlarında zona baxış-müsabiqələri keçirilib. Münsiflər heyətinin qərarına əsasən onlardan ümumilikdə 193 nəfər baxış-müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb. Final mərhələsində isə iştirakçılardan 25 nəfəri baxış-müsabiqənin qalibləri müəyyən olunub.