Türkiyə Xarici İşlər Nazirliyi Paşinyana cavab verib

12

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Türkiyə XİN-dən SosialMedia.az-ın yerli bürosunun sorğusuna cavab olaraq deyilib ki, Ermənistan baş nazirinin fikirləri mövcud vəziyyəti düzgün əks etdirmir.

“İstər Türkiyə cəmiyyətinin ictimai yaddaşı, istər elmi araşdırmalar, istərsə də arxivlərə istinad ediləndə məlum olur ki, 1915-ci il hadisələrinin “soyqırımı” olaraq tanınması tələbi tarixi və hüquqi baxımdan yanlışdır. Türkiyə bütün bunlara baxmayaraq, erməni tərəfinin “soyqırımı” iddialarından birdən-birə əl çəkməsini bu ölkə ilə diplomatik münasibətlər qurulmasının ön şərti olaraq irəli sürmür. Həmçinin türklər və ermənilərin ortaq tarixlərinin sözügedən ağrılı dövrünün obyektiv şəkildə ortaq komissiyanın araşdırması təklifi ilə çıxış edən tərəf Türkiyədir və bu təklif hələ də qüvvədədir. Təəssüf ki, Ermənistan “soyqırımı” iddialarını hər fürsətdə Türkiyəyə qarşı gündəmə gətirir, bu isə tarixi siyasiləşdirmək cəhdidir. Elmi şəkildə, açıq müstəvidə müzakirə edilməli mövzularda erməni tərəfinin doqmatik davranışı ən böyük yanlışlardan biridir”, – deyə Türkiyə XİN-in məlumatında bildirilib.

Qeyd olunub ki, Cənubi Qafqazda ehtiyac duyulan normallaşma prosesi ancaq Ermənistanın əhatəli sülhə yönəlik konkret addımlar atacağı halda başlaya bilər: “Lakin 27 ildir ki, ermənilərin Azərbaycana təcavüzü və uzlaşmaz rəftarı buna mane olmaqdadır. Əsasən baş nazir Nikol Paşinyanın 2018-ci ildə iqtidara gəlməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün müsbət gözləntilər yaratmışdı. Ancaq zaman ötdükcə görünür ki, o, ölkəsində sərt mövqedən çıxış edən bəzi dairələrin, habelə diasporun uzlaşmaq əleyhinə olan qüvvələrinə təslim olub. Paşinyan bir tərəfdən “Qarabağ Ermənistandır”, digər tərəfdən isə “Türkiyə Ermənistan üçün ciddi təhdiddir” deyir”.

Məlumatda o da bildirilib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT və ATƏT-in qərarlarını əsas götürərək beynəlxalq hüquq normaları çərçivəsində konkret və səmimi addımlar atacağı təqdirdə, habelə 1915-ci il hadisələri ilə bağlı bir tərəfin qarşı tərəfə fikirlərini qəbul etdirmək cəhdindən vaz keçdiyi halda Türkiyədən müsbət cavab görə bilər.

Qeyd edək ki, bir müddət əvvəl N. Paşinyan İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib ki, Ermənistan Türkiyə ilə hər hansı bir ön şərt olmadan diplomatik əlaqələr qurmağa hazırdır.