“Buta” körpələr evi-uşaq bağçası İmadəddin Nəsiminin 650 İlliyi ilə bağlı tədbir təşkil etdi

76

SosialMedia.az xəbər verir ki,Dekabrın 7-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü, “Buta” körpələr evi-uşaq bağçasının təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 İllik yubileyinə həsr olunan tədbir keçirilib.

Əvvəlcə uşaqların tədbirə hazırlığını əks etdirən videoçarx nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “Buta” körpələr evi-uşaq bağçasının rəhbəri Günay Ağamalı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğunu xatırladıb. O, dövlət başçısının digər Sərəncamı ilə böyük mütəfəkkirin 650 illik yubileyinin ölkəmizdə və onun hüdudlarından kənarda yüksək səviyyədə qeyd olunduğunu söyləyib. Qeyd edib ki, bugünkü tədbir də ölkə rəhbərinin müvafiq sərəncamlarına əsasən keçirilir.

Günay Ağamalı rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, 2011-ci ildən fəaliyyət göstərən “Buta” körpələr evi-uşaq bağçasının məqsədi ölkəmizə vətənpərvər, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşan övladlar yetişdirmək, onlarda Vətəninə, xalqına sevgi və tolerantlığı aşılamaqdır.
Nərimanov Rayon İcra hakimiyyəti başçısının müavini İradə Mahmudova “Nəsimi ili” çərçivəsində rayonda keçirilən çoxsaylı tədbirlərdən söz açıb. Bildirib ki, “Buta” körpələr evi-uşaq bağçası fəaliyyəti dövründə ölkədə və Nərimanov rayonunda təşkil olunan müxtəlif tədbirlərdə fəal iştirak edir. Balacalar tərəfindən bayram və əlamətdar günlərdə təqdim olunan maraqlı proqram və kompozisiyalar hər zaman orijinallığı ilə seçilir. Böyük mütəfəkkir Nəsimiyə həsr edilən tədbirin xüsusilə fərqləndiyini deyən İradə Mahmudova bu günün uşaqların yaddaşından heç vaxt silinməyəcəyini söyləyib.

Bildirib ki, bu tədbir balacaların “Nəsimi ili”nə ən gözəl töhfəsidir.
Azərbaycan Respublikası Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva orijinallığı ilə fərqlənən tədbirin uşaqların Nəsiminin yaradıcılığı ilə tanış olması və öyrənməsi baxımından əhəmiyyətini qeyd edib. O, “Buta” körpələr evi-uşaq bağçasının hər zaman ölkədə təşkil olunan müxtəlif tədbirlərdə fəal iştirak etdiyini söyləyib.

Sonra uşaqlar Nəsiminin dövrünü və yaradıcılığını əks etdirən kompozisiya göstəriblər. Balacalar şairin şeirlərini Azərbaycan, ingilis və rus dillərində səsləndirib, Nəsimi, Topal Teymur və digər obrazları məharətlə canlandırıblar. Tədbirdə, həmçinin bağçanın məzunu olmuş uşaqlar da iştirak ediblər.

Sonda iştirakçılara “Buta” körpələr evi-uşaq bağçası tərəfindən diplomlar verilib.