Dövlət orqanlarında vakant inzibati vəzifələrə müsahibə elan edilib

181

2020-ci il 13 yanvar tarixində 8 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib.

Dövlət İmtahan Mərkəzindən SosialMedia.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 15-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 9-u B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Energetika Nazirliyinin Neft-qaz şöbəsində şöbə müdiri, inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Diasporla İş üzrə Dövlət Komitəsinin Maliyyə və təminat şöbəsində şöbə müdiri vəzifələridir. Ümumilikdə isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 10, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 4, Energetika Nazirliyində 3, Kəlbəcər Rayon Məhkəməsində 2, Maliyyə Nazirliyində 2, Diasporla İş üzrə Dövlət Komitəsində 1, Kənd Təsərrüfatı Nazirliyində 1, Məhkəmə-Hüquq Şurasında 1 vəzifə olmaqla 24 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 13 yanvar 2020-ci il tarixindən 3 fevral 2020-ci il saat 18:00-dək (22 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.