İlkin səhiyyə xidməti üzrə sığorta ödənişi üçün vətəndaşların xəstəxanalara təhkim olunması qaydası müəyyənləşəcək

134

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi şəxslərin dövlət tibb müəssisəsinə təhkim olunması qaydasının layihəsini hazırlayacaq.

SosialMedia.az-ın məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

“Tibbi sığorta haqqında” qanuna əsasən, ilkin səhiyyə xidməti üzrə sığorta ödənişi dövlət tibb müəssisəsinə təhkim olunmuş şəxslərin sayına əsasən ödəniləcək.

Sərəncama əsasən isə, qanunun bu tələbinə uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla şəxslərin dövlət tibb müəssisəsinə təhkim olunması qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd edək ki, ilkin səhiyyə xidməti əhali arasında geniş yayılmış və ixtisaslaşdırılmış yardım tələb etməyən vəziyyətlərin və xəstəliklərin diaqnostikası və müalicəsi, tibbi profilaktik tədbirlərin həyata keçirilməsi, ana və uşaqların sağlamlığının mühafizəsi, tibbi-sanitar maarifləndirmə işinin aparılmasından ibarət tibbi yardım növüdür.