Yunis Səfərov və digərlərinin məhkəməsi davam etdirilib

137

Bu gün Sabunçu rayon Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

SosialMedia.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Yunis Səfərovun müdafiəsinə yeni vəkil Bəxtiyar Hacıyev qoşulub.

Bundan sonra təqsirləndirilən şəxslər və vəkillər prosesin audio və video çəkilişinin aparılması ilə bağlı vəsatət veriblər. Vəsatət təmin edilməyib.

Daha sonra Yunis Səfərovun dövlət hesabına təyin edilən vəkili Elman Ağayev bildirib ki, müdafiə etdiyi şəxs ona etimad göstərmir. Hakim vəkilin etirazını qəbul etməyib. Onun diqqətinə çatdırılıb ki, müdafiəçi etirazı yazılı şəkildə təqdim etməlidir.

Təqsirləndirilən şəxslərin vəkilləri hakimlərə etiraz edərək məhkəmədən vaxt istəyiblər.

Proses fevralın 17-dək təxirə salınıb. 

Qeyd edək ki, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı başa çatdırılıb. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 5 dekabr 2019-cu il tarixdə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb. Onu da qeyd edək ki, cinayət təqibi orqanından qaçıb ölkə hüdudlarından kənarda gizlənən 11 nəfər barəsində isə beynəlxalq axtarış elan olunmaqla barələrində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.