16 şagird məktəbi vaxtından qabaq bitirmək üçün imtahan verib – YENİLƏNİB

108

Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən SosialMedia.az-a verilən xəbərə görə, qeydiyyatdan keçmiş 16 şagird hər fəndən 10 sual olmaqla 3 saat ərzində biliklərini nümayiş etdirib.

Nəticələr Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yaradılmış komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar. Bu mərhələdən də uğurla keçən  III sinfin I yarımilində oxuyan şagird IV sinfin II yarımilində, VIII sinfin I yarımilində oxuyan şagird IX sinfin II yarımilində, X sinfin I yarımilində oxuyan şagird isə XI sinfin II yarımilində təhsilini davam etdirə biləcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən, ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə yalnız ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.

***

09:00

Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilir.

SosialMedia.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 17-də paytaxtdakı 175 nömrəli tam orta məktəbdə təşkil olunub.

Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan sualları hər fəndən 10 sual olmaqla fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr BŞTİ tərəfindən yaradılmış komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən keçirilir.