Bakı polisi hesabat verib

169

Yanvarın 17-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2019-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

SosialMedia.az-ın məlumatəına görə, müşavirəni giriş sözü ilə açan nazir V.Eyvazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü hüquq-mühafizə siyasəti, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti nəticəsində ölkənin siyasi və sosial-iqtisadi həyatında baş verən davamlı inkişafın  ümumən daxili işlər orqanlarının, o cümlədən paytaxt polisinin də fəaliyyətinin daha da təkmilləşdirilməsinə müsbət təsirini vurğulayıb.

Sonra, hesabat dövründə paytaxtda  cinayətkarlıqla mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunması, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmək üçün söz  Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidova verilib.

Məruzə ətrafında çıxış edən Bakı şəhər BPİ-nin aidiyyəti struktur qurumlarının və rayon polis idarələrinin rəisləri hesabat ilində əldə olunmuş müsbət nəticələrlə yanaşı, xidməti fəaliyyətdə yol verilən bəzi nöqsan və çatışmazlıqlara da toxunaraq, onların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirlər barədə  məlumat veriblər.  

Müşavirəyə yekun vuran Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2019-cu ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib. Konkret tapşırıq və tövsiyələrini verən nazir, Bakı şəhər BPİ-nin, eləcə də onun aidiyyəti struktur qurumlarının və rayon polis idarələrinin rəhbər heyətindən 2020-ci ildə xidməti fəaliyyətdə əsas diqqəti şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının daha da qətiyyətlə alınmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunmasına, ən əsası isə vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunmasına yönəltməyi tələb edib.

Qanunla müəyyən edilən vəzifələrin yüksək səviyyədə icrası üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bütün lazımi şəraitin yaradıldığını, daxili işlər orqan və hissələrinin dövlət qayğısı ilə hərtərəfli əhatə olunduğunu məmnunluqla vurğulayan general-polkovnik Vilayət Eyvazov əmin olduğunu bildirib ki, bu ali diqqətə və etimada cavab olaraq Bakı şəhər polis qarnizonunun şəxsi heyəti xidməti borcunu bundan sonra da layiqincə yerinə yetirəcəkdir.