Uşaq evində müəllimin azyaşlını döyməsi ilə bağlı polis tərəfindən araşdırmalara başlanıb

28

Bakıda uşaq evində müəllimin azyaşlını döyməsini özündə əks etdirən video görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev SosialMedia.az-a açıqlamasında bildirib ki, həmin görüntülərlə bağlı Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda yerləşən 2 saylı uşaq evində tərbiyəçinin azyaşlını döyməsinə dair görüntülər yayılıb.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yayılan həmin video görüntülərlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilən məlumata görə İdarə tərəfindən Uşaq bağçaları və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür.

Bildirilib ki, qeyd edilmiş hadisə ötən ilin dekabr ayında baş verib. Məsələni araşdıran komissiyanın qərarına əsasən, dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub.