Sən də atan kimi olacaqsan-Orxan Qərib

439

Mənim Günəşimin 3 yaşı var. Mən dünyanın ən gözəl qızına, o isə ən gözəl atasına sahibdir. Onunla vaxt keçirtməyi çox sevirəm. Şıltaqdır mənim qızım. Buna səbəb elə özüm olmuşam. Nə istəsə, alıram, nə istəsə, o da olur.

Televizorda o, nəyə baxmaq istəyirsə, baxır. Hətta oyuncaqlarını da özü seçir. Sabahlar baxçaya apararkən özüm geyindirirəm, saçlarını özüm darayıram. Baxçadan sonra parka gedirik. Axşamlar qızıma nağıllar oxuyuram. Qızım biraz da mənim kimidir. O da dağınıqlığı çox sevir. Otağındakı oyuncaqları bəzən mən yığışdırmalı oluram. Evləndiyim qadını sevirəm, amma qızımı daha çox sevirəm. Qızımla yemək bişirəndə mətbəxi bərbad günə salırıq. Həyat yoldaşım əsəbləşsə də, könlünü almağı bacarırıq. Hərdən onunla qızıma qoşulub uşaqlıq edirik. Varlı olmasaq da, normal gəlirli işim var. Həyat yoldaşım da işləyir, tibb bacısıdır.

Bir dəfə anamın: “Sən də atan kimi olacaqsan”, – sözündən sonra özümə qapılmışdım. Sonralar anamın hər əsəbləşdiyində bu sözü deməsi qəlbimə toxunurdu və hər dəfə ağlayaraq: “Mən onun kimi olmayacağam”, – deyirdim. Özümlə tək qaldığım vaxtlarda bəzən anamın səsi qulağımda səslənirdi. Mən atam kimi olmaq istəmirdim. “Öz ailəmə sadiq olacağam, övladlarımı, ailəmi çox sevəcəyəm”,- deyirdim. Zaman keçdikcə bu arzumu dilə gətirməkdən çox qorxurdum. Bir dəfə tanışlardan biri: “Hislər anlıqdır”,-demişdi. Hislər anlıq olmasa da, müvəqqətidir. Hər şey ilk başlarda çox möhtəşəm olsa da, sonra öyrəşirsən və adiləşir. Anamın dediklərinə də öyrəşmişdim.

Mən əvvəllər elə bilirdim ki, sevgi əbədi olur. Qonşumuz Adillə Səmayənin sevgisini hər kəs bilirdi. Hətta valideynləri razı olmasa da, onlar evləndilər. Adilin anası ilə dalaşmasına öyrəşmişdik, artıq adi hala çevrilmişdi. Sonralar Adillə Səmayənin davalarına, Səmayənin döyülməyinə, hər axşam təcili yardım maşınının səsinə “öyrəşdik”. Bir dəfə Səmayə pəncərədən həyətdəki qonşularla danışıb güldüyü üçün Adil onu o qədər döymüşdü ki, günlərlə evdən çölə çıxa bilməmişdi. Adil həmişə nəyəsə əsəbləşir və bunun hirsini hətta uşaqlarından çıxırdı. Oğlu Yusifin qaşındakı çapıq ömürlük “xatirə” idi atasından. Anası döyülərkən atasına mane olmağa çalışan Yusifin başını divarın tininə necə vurmuşdusa, qaşı partlamışdı.

Sonralar Adilin qızı Gülşənin də döyülməsinə öyrəşdik. Bir dəfə məhəllədə söhbət edərkən Sahib müəllim hər şeyin ailə tərbiyəsindən asılı olduğunu dedi. Bu fikirlə çoxları razı olmadı. Düzdü, mən Nadiri tanımırdım, amma Sahib müəllim ondan misal çəkərək, Nadirin uşaq vaxtı oğluna içki içməyə məcbur etməsini, sonra oğlu Rüstəmin atasının başını asfalta vuraraq narkotik üçün pul istəməsini, aldığı zərbələrdən Nadirin ölməsini danışmışdı. Yadıma gəlir, gecə saat 5-də qışqırıq səsinə oyanmışdım. Kimsə ağlayaraq qapını döyüb anamı çağırırdı. Tələsik əynimi geyinib otaqdan çıxdım. Qapını açanda anamın rəfiqəsi Sürəyya xalanın qana boyanmış üzünü görəndə qorxub anamı çağırdım. Axsayaraq çətinliklə içəri keçdi. Anam təcili yardım çağırdı.

Təcili yardım Sürəyya xalanın yarasını bağlayıb getdikdən sonra anam onun ayaqqabılarını gizlətdi. Anam heç vaxt evə gələn qonağın ayaqqabısını gizlətməzdi… Sürəyya xala ağlayaraq əri Nurəddinin yemək gec bişdiyi üçün onu döyməsini danışdı. Bu mənə atamı xatırlatmışdı. O ana qədər heç vaxt atamı düşünməmişdim. Məhkəmədə rəsmi boşandıqdan sonra anamı təhdid etməsi, təhqir edib aşağılayıcı sözlər işlətməsi gözlərim önündə canlanırdı. Sonralar Sürəyya xalanın hər dəfə əri tərəfindən döyüləndə bizə gəlməsinə də öyrəşdik. Axı insan hər şeyə öyrəşir…

Bir müddət sonra Sürəyyanın ərindən icazəsiz bazara getdiyi üçün başı kəslidiyini eşitdik. Atamın anamı məhkəmədə təhdid etməsi yadıma düşmüşdü. Anam evə gec gələndə narahat olurdum. Anama bir şey olacaq deyə çox qorxurdum. Zaman keçdikcə mənim qorxularımla birgə anamın da qorxuları artdı. Bacılarımı tək heç yerə göndərməzdi. Həmişə yanlarında ya mən, ya da ki, anam olardı. Həmişə anam məktəbə yola salanda deyirdi ki, bacılarından ehtiyatlı ol, gözün onların üzərində olsun. Yox, bunları sadəcə ətrafdakı insanlardan qorumaq üçün edirdi. Qohumlardan, tanışlardan, qonşulardan, hər kəsdən qoruyurdu.

Bəs mən? Mən qızımı qoruya biləcəyəm? Ətrafıma baxıram, nə qədər Adillər, nə qədər Nurəddinlər, nə qədər Sürəyyalar var. Mən necə əmin olacam ki, qızım evləndikdən sonra şiddət görməyəcək? Evlənənə kimi sağ qalacaqmı? Bilmirəm, nə deyəcəyimi bilmirəm…
Müəllif- Orxan Qərib