Türkiyədə zəlzələ zonasından Azərbaycan vətəndaşlarının təxliyyəsi prosesi başa çatıb – YENİLƏNİB

103

Türkiyədə zəlzələ zonasında təhsil alan tələbələrimizin və digər Azərbaycan vətəndaşlarının təxliyyəsi başa çatıb.

Azərbaycanın Türkiyədəki Səfirliyindən SosialMedia.az-ın yerli bürosuna verilən məlumata görə, bu gün zəlzələ zonası Elazığ və Malatyadan yola salınan üçüncü avtobus da artıq Sədərək gömrük-keçid məntəqəsindən Naxçıvana keçib.

Təxliyyə olunan vətəndaşlarımız Naxçıvana aeroportindan xüsusi təyyarə ilə Bakıya yola salınacaqlar.

Azərbaycanın Qars Baş Konsulluğundan bildirilib ki, bu gün səhər saatlarında 3 avtobus İğdırda konsulluq əməkdaşları tərəfindən qarşılanıb  və Naxçıvan sərhədinə yola salınıb. 

Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi ilə bağlı tapşırıq verib.

Xatırladaq ki, yanvarın 24-də yerli vaxtla 20.55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 35-ə çatıb, tibbi yardım üçün 1607 nəfər müraciət edib. Xəstəxanalarda hazırda 104 yaralı var, onlardan 32-nin vəziyyəti ağırdır.

***

saat 13.24

Türkiyədə zəlzələ zonasından Azərbaycan vətəndaşlarının təxliyyəsi prosesi artıq son mərhələdədir.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun SosialMedia.az-a verdiyi məlumata görə, Türkiyədən azərbaycanlı tələbələri və digər Azərbaycan vətəndaşlarını gətirən birinci və ikini avtobus artıq Naxçıvan aeroportuna çatıb.

İ. Məmmədov bildirib ki, hazırda avtobuslarla gələn 84 Azərbaycan vətəndaşı istirahət edir və üçüncü avtobusun aeroporta çatmasını gözləyirlər: “Üçüncü avtobus hazırda Sədərək gömrük-keçid məntəqəsindən keçir. Həmin avtobusda 16 Azərbaycan vətəndaşı var. Üçüncü avtobusun 1 saatdan sonra Naxçıvan aeroportunda olması gözlənilir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Naxçıvana gələn xüsusi təyyarə reysi ilə həmin şəxslə Bakıya uçacaqlar”.