Avropa Şurası qarşılıqlı əməkdaşlığa hazır deyil – Səməd Seyidov

155

“Avropa Şurası konstruktiv dialoqa, qarşılıqlı əməkdaşlığa hazır deyil”.

SosialMedia.az-ın Avropa bürosunun verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov jurnalistlərə açıqlamasında deyib.

AŞPA-da Azərbaycanda siyasi məhbuslara dair qəbul edilən hesabata münasibət bildirən S.Seyidov qeyd edib ki, Azərbaycan qarşılıqlı dialoqa hər zaman hazırdır: “Ancaq bunu görərək, tamamilə başqa və Azərbaycanın millətini, hökumətini, keçirilən seçkiləri təhqir edərək, müdaxilə edilərək bəyanatlar verilməyə başlandı. Məruzənin içinə daxil edilən bəzi məsələlər qəti qəbulolunmazdır. Biz əməkdaşlıq etməyə həmişə hazır idik . Ancaq bu şəkildə yox. Biz Azərbaycan olaraq heç vaxt təzyiq altında hər hansı bir sənədi qəbul etməyəcəyik. Bu hesabatı Azərbaycana birbaşa təzyiq, Azərbaycanın milli maraqlarına zidd olan bir sənəd kimi qiymtələndiririk”, – deyə o qeyd edib.

Səməd Seyidov bildirib ki, bugünkü Avropa Şurası konstruktiv dialoqa, qarşılıqlı əməkdaşlığa hazır deyil.

Nümayəndə heyətinin rəhbəri deyib ki, AŞPA-nın içində ciddi bir şəkildə böhran var: “O böhranın da adı konstruktiv yanaşmadan uzaq olmaqdır. Artıq ikili standartlara son qoyulmalı, ölkələrə bu şəkildə müdaxilə edilməməlidir. Hesab edirəm ki, bugünkü Azərbaycanın mövqeyi bütün Avropa Şurası üçün nümunə olmalıdır. Bu Avropa Şurası dəyişməyənə, qarşılıqlı dialoq fəlsəfəsini dərk etməyənə qədər onlarla normal bir şəkildə hansısa ünsiyyət qurmaq mümkün olmayacaq”.