Azay Quliyevin seçki qərargahı Gənclər günündə “Yaşıl Binəqədi” adlı ağacəkmə aksiyası keçirib

264

SosialMedia.az xəbər verir ki, bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin seçki qərargahı 2 Fevral Azərbaycan gəncləri günü münasibəti ilə yaşıllaşdırma aksiyası keçirib.

Binəqədi rayonunun 7-ci mikrorayonunda, Dərnəgül metrosu ətrafında keçirilən aksiyada iştirak edən Azay Quliyev gəncləri təbrik edərək onları Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsi adlandırıb. Azay Quliyev 2 Fevral tarixinin Azərbaycan gəncləri günü kimi elan olunmasını ümummili lider Heydər Əliyevin ölkə gənclərinə verdiyi yüksək dəyər kimi qiymətləndirib. Ətraf mühitin qorunmasının və Binəqədidə yaşıllıq zonalarının genişləndirilməsinin vacib olduğunu deyən Azay Quliyev ölkəmizdə bu istiqamətdə aparılan işlərdə gənclərin və könüllülərin xüsusi fəallıqları ilə seçilməsinin sevindirici olduğunu vurğulayıb.

Azay Quliyev deyib ki, bu gün, 2 fevral tarixində bizim ağacəkmə kampaniyası keçirməyimiz həm gəncliyin ruhuna, həm də könüllülülüyün fəlsəfəsinə tam uyğundur. 2020-ci ilin “Könüllülər ili” olduğunu xatırladan Azay Quliyev yaşıllaşdırma işinin 9 fevraldan sonra da davam etdiriləcəyini bildirib.

Daha sonra Azay Quliyev, seçki qərargahının könüllüləri və rayon gəncləri ərazidə xeyli sayda ağac əkiblər.

Azay Quliyevin Seçki Qərargahı