MDB müşahidə missiyasının rəhbəri: “Seçkilər rəqabətli və demokratik şəkildə keçirilib”

15

“Azərbaycanda növbədənkənar parlament seçkiləri Azərbaycan Konstitusiyası və qanunvericiliyə uyğun olaraq, rəqabətli və demokratik şəkildə həyata keçirilib”.

SosialMedia.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisə keçirilən seçkilərlə əlaqədar mətbuat konfransında MDB müşahidə missiyasının rəhbəri Viktor Quminski deyib.

Onun sözlərinə görə MDB müşahidə missiyası növbədənkənar parlament seçkilərini izləmək üçün Azərbaycanın dəvəti ilə seçkiləri izləyiblər: “Yanvarın 19-dan öz işinə başlamış missiya seçkilərə hazırlıq prosesində və səsvermədə iştirak edib. Seçkilərə MDB müşahidə missiyasının 252 müşahidəçisi akkreditasiya olunub. Onun tərkibinə Belarus, Rusiya, Qırğızıstan, Qazaxıstan və eləcə də digər MDB ölkələrindən olan müşahidəçilər daxil olub. Müşahidə missiyasının sərbəst şəkildə fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb”.

V.Quminski bildirib ki, bəzi məntəqələrdə kiçik pozuntulara rast gəlinsə də, bunlar seçkinin gedişatında əhəmiyyətli rol oynamayıb: “MSK seçicilərin məntəqələrə gəlib rahat şəkildə səs vermələri üçün hər cür şərait yaradıb. Onlara lazım olan bütün informasiyalar təqdim edilib. Seçki pozuntularının qeydiyyatı üçün qərargah yaradılıb, Kütləvi İnformasiya Vasitələrinin öz işlərini həyata keçirməsində heç bir maneə aşkarlanmayıb. Seçki gününə qədər missiya ölkənin 20 regionunda müşahidə aparıb. Qeyd etmək istərdim ki, hava şəraitinə görə bəzi dağlıq bölgələrdə monitorinq aparmaq imkanımız olmayıb. Lakin ölkənin əksər regionlarından əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, həmin bölgələrdə də seçkilər qanunvericiliyə uyğun şəkildə təşkil olunub. Biz məntəqələrdə əldə etmək istədiyimiz hər bir məlumatı öyrənə bilmişik və suallarımıza cavab almışıq”.

Seçici siyahılarının hər il yeniləndiyini diqqətə çatdıran V. Quminksi vurğulayıb ki, məntəqələrdə səsvermə üçün hər cür şərait yaradılıb: “Bizdə kiməsə maneə yaradılması ilə bağlı məlumat yoxdur. Namizədlərlə bağlı onu deyə bilərik ki, seçkilərdə iştirak etmək istəyən namizədlərin sayı əvvəlki illərdən çox idi. Bu seçicilərə daha layiqli namizədi seçmək şansı qazandırıb. Təbliğat-təşviqat prosesində plakatların cırılması hallarına da rast gəlinib. Lakin bunlar çox kiçik hallardır və seçki prosesinə təsir göstərməyib. Seçki günündə MSK-ya 260 müraciət daxil olub ki, onların çoxu kiçik nöqsanlardır. Lakin müraciətlərin hamısı ilə bağlı tam məlumatımız yoxdur. Biz öz qeydlərimizi seçkinin rəsmi nəticələrindən sonra təqdim edəcəyik. Onu da bildirmək istərdim ki, yerli və beynəlxalq müşahidəçilərin sayı da kifayət qədər yüksək olub. Səsvermə sakit və yüksək şəkildə təşkil olunub”.