Keçmiş məmurların müsadirə olunan əmlakı ilə bağlı araşdırma aparılır

148

Bu gün Ali Məhkəmədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) sabiq sədri Beytulla Hüseynov, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Optik Rabitə, Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun verdikləri kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

SosialMedia.az-ın məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev vəsatət verib. O bildirib ki, təqsirləndirilən şəxslərlə bağlı müsadirə olunan əmlakarla bağlı nazirlikdə araşdırma aparılır: “Həmin araşdırmaların nəticələri məlum olana qədər məhkəmənin təxirə salınmasını xahiş edirik”.

Nümayəndə məhkəmədən 2 həftə vaxt istəyib.

Vəsatət təmin edilib və proses martın 11-ə qədər təxirə salınıb.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri V.Zeynalov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov və digərləri 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin şəxslərin əmlaklarının üzərinə həbs qoyulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə V.Zeynalovun cəzası 4 ilə və B.Hüseynovun cəzası isə 7 il 6 aya endirilib, A. Mustafayev, Q. Beybalayev, E. Məmmədov, N. Məmmədov şərti azadlığa buraxılıb.

Vidadi Zeynalov ötən il mart ayında cəzasının 4/3 hissəsini çəkdiyi üçün azadlığa çıxıb.

Beytulla Hüseynov isə Prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət edərək əmlaklarına qoyulan həbsin götürülməsini istəyirlər.