Sumqayıtda koronavirusla bağlı xüsusi karantin otaqları və “Qaynar xətt” yaradılıb

181
Sumqayıt şəhər Səhiyyə Şöbəsi koronavirusla bağlı “qaynar xətt” yaradıb.
Bu barədə SosialMedia.az-a Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova məlumat verib. O bildirib ki, əhalinin məlumatlandırılması və xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxslərin aşkarlanması üçün tədbirlərin görülməsinə başlanılıb: “Əslində hələ ki, bu virusa yoluxmaqda şübhəli bilinən və ya yüksək hərarətlə müraciət edənlər olmasa da, Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta Agentliyinin göstəriş və təlimatlarına əsasən şəhərin bütün uşaq və böyüklər üçün nəzərdə tutulmuş poliklinikalarında “qaynar xətt”lər yaradılıb. Poliklinikalarda virusla bağlı əlaqələndirici şəxslər təyin olunub və lazımi dərman preparatları ilə təmin olunmuş xüsusi karantin otaqları yaradılıb”.
S.Sadıxova qeyd edib ki, artıq “qaynar xətt”ə zənglər qəbul edilir: ” 65-4-31-87, 65-5-76-41 “qaynar xətt” nömrələri 24 saat ərzində əhalinin xidmətindədir”.
Şöbə rəhbəri əhaliyə şəxsi gigiyenik qaydalara riayət etmələrini məsləhət görüb: “Məsələn, virus olduqca təhlükəli xəstəlik sayılır. Amma şəxsi gigiyena ilə bu xəstəliyə yoluxmamaq mümkündür. Koronvirus da belədir. Qış ayları olduğu üçün qrip infeksiyasının da kəskin yayılması ola bilər. Amma virusla bağlı narahatçılığı olanlar günün istənilən saatında zəng edib əlavə məlumat ala bilərlər”.
Xatırladaq ki, hazırda Sumqayıt apteklərində tibbi maskalarla bağlı qıtlıq yaranıb.