Deputat: “Koronavirusa görə tətbiq olunan qaydalar hər bir vətəndaşın üzərinə məsuliyyət qoyur”

171

“Koronavirusla bağlı ciddi tədbirlərin görülməsi virusun ölkədə geniş yayılmasının qarşısını almaq üçündür”.

Bunu SosialMedia.aza açıqlamasında deputat Azər Badamov deyib.

Millət vəkili bildirib ki, koronavirus bu gün dünyada qlobal səviyyədə ən çox narahatlıq doğuran problemə çevrilib: “Dünyada belə bir narahatlıq doğuran virusa qarşı təhlükəsizlik tədbirlərinin görülməsi Azərbaycanda çox yüksək səviyyədə təşkil olunub. Məhz virusa yoluxanların sayının az olması onu deməyə imkan verir ki, Azərbaycan dövlətinin atdığı qətiyyətli addımlar müsbət nəticəsini verir. Ötən gün Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə koronavirusa qarşı tədbirlərin görülməsi istiqamətində mühüm qərarlar qəbul olunub. Bu qərarların hamısı virusun yayılmasına qarşı təhlükəsizlik tədbiridir. Dövlət bu işdə çox ciddi nəzarət həyata keçirir və düşünürəm ki, dünyanı narahat edən böyük problem ölkəmizdə insanların sağlamlığında problemlər yaratmadan yan keçəcək. Çünki dövlətimiz bu işlə ciddi məşğuldur”.

A.Badamov bildirib ki, qloballaşan dünyada internet, sosial şəbəkələr insanların həyatının ayrılmaz hissəsinə çevrilib. Amma bəziləri sosial şəbəkələrin yaratdığı bu imkanlardan sui-istifadə edərək təxribat xarakterli mesajlar göndərirlər, bu, yolverilməzdir: “Təhlükəsizlik orqanları tərəfindən belə məlumatlar yayan və insanlar arasında ajiotaj yaratmaq istəyən şəxslərə qarşı ciddi görüləcək, görülməlidir də. Bu gün ölkəmizdə koronavirusla bağlı ciddi narahatlıq yoxdur. Buna baxmayaraq, dövlətimiz hazırdır və baş verə biləcək hala qarşı ciddi izolyasiya tədbirləri görüləcək. Amma hər şeyi dövlətin üzərinə atmaq düzgün deyil.

Tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, hər bir vətəndaşın üzərinə məsuliyyət qoyur. Bu qaydalar milli təhlükəsizlik məsələsidir, hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur. Hamı bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır”.

Millət vəkili qeyd edib ki, hər bir vətəndaş dövlətin zəncirinin halqasıdır, dövlətin mənbəyi xalqdır: “İnsanlarımız da dövlətin verdiyi qərarlara anlayışla və hörmətlə yanaşmalı, bu cür vacib addımların atılmasına hər hansı maneçilik yaratmamalıdırlar. Hər bir vətəndaşın üzərində sosial məsuliyyət var ki, dünyanı narahat edən problemin ölkəmizdə yayılmasının qarşısını almasına və dövlətin hər bir qərarına müsbət yanaşaraq onun icrasına çalışsın. Bu qərarlara əməl etməyən və yaxud özbaşına hərəkət etmək istəyən insanları təxribata çəkmək istəyənlər rastına çıxanda bir vətəndaş olaraq biz də mübarizəmizi aparmalıyıq. Ölkəmiz hamımız üçün əzizdir və biz onu qorumalıyıq”.