Gürcüstanda azərbaycanlıların yaşadığı rayonlar karantinə alınıb, əraziyə hərbi bölmələr yerləşdirilib

152

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli və Bolnisi rayonlarında koronavirusun yayılma riski ilə əlaqədar sərt karantin rejimi elan edilib.

SosialMedia.azın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə məlumat verib. Baş nazir bildirib ki, karantinlə əlaqədar həmin rayonlara giriş-çıxış məhdudlaşdırılır, bütün obyektlər bağlanır, əraziyə yalnız tibbi vasitələr və ərzağın gətirilməsinə icazə verilir. Baş nazir qeyd edib ki, sözügedən rayonlarda yalnız kritik infrastruktur obyektlərinin fəaliyyətinə icazə veriləcək. Məhdudiyyətin rayonların daxili nəqliyyatına və insanların sərbəst hərəkətinə də tətbiq ediləcəyi, yalnız qida və tibbi vasitələr əldə etmək üçün hərəkətə icazə veriləcəyi bildirilib. Bundan başqa, həkimlərin protokoluna əsasən, rayon sakinlərinin kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmağa davam etmələrinə imkan yaradılacağı qeyd olunub.

Baş nazir bildirib ki, Marneulidə koronavirusa yoluxduğu təsdiqlənmiş qadının virusa hansı mənbədən yoluxması müəyyən edilməyib,  bu isə artıq ölkədə daxili yoluxmaların baş verməsini göstərir.