“Görülən tədbirlər nəticəsində epidemiyanın qarşısı vaxtında alındı” -Oqtay Şirəliyev

396

“Xəstəlik barədə məlumatlar yeni yayılanda sərhədlər, hava limanları tam fəaliyyətini davam etdirsə də, xüsusi məntəqələr yaradılmışdı. Tibb işçiləri tərəfindən ölkəyə gələn vətəndaşlar ciddi yoxlanılırdı”.

SosialMedia.az xəbər verir ki, bu sözləri Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin efirində yayımlanan “Hədəf” televiziya proqramında qonaq olarkən deyib.

Onun sözlərinə görə, ilk növbədə virusa yoluxan şəxslər müəyyənləşdirilir və onların müalicəsinə başlanılır: “Ölkəyə gələn insanlar kontaktsız hərarətölçən cihazlarla yoxlanılırdı. Hər şey düşünülmüş şəkildə nəzarət altında idi. Koronavirusla bağlı yoluxma halları təsdiq olunan ölkələrdən gələn insanlar isə bir həftə, 15 gün həkim nəzarəti altında qalırdılar. Virusa yoluxma şübhəsi olan şəxslər isə həmin andan karantinə alınırdılar. Əsas məqamlardan biri epidemiyanın mənbəyini müəyyənləşdirmək və mümkün qədər qarşısını almaqdır. Artıq hər kəs artıq xəstəlik və onun mənbəyi barədə məlumatlıdır. Azərbaycanda görülən qabaqlayıcı tədbirlər nəticəsində koronavirus pandemiya halını almamışdan qabaq epidemiyanın alovlanmasının qarşısı vaxtında alındı”.

O.Şirəliyev onu da qeyd edib ki, mövcud vəziyyətlə bağlı sərhədlərdə gediş-gəliş qismən məhdudlaşdırılsa da, ölkə ərazisində heç bir qıtlıq müşahidə edilmir: “Bu gün ölkədə heç bir qıtlıq yoxdur. Azərbaycana zəruri olan hər şey ölkəyə gətirilir. Bu da ciddi nəzarət altında həyata keçirilir. Yük avtomobilləri sərhəd məntəqələrində dezinfeksiya edildikdən sonra ölkəyə buraxılır. Eləcə də sürücülərin qidalanmasına xüsusi diqqət edilir. Onların sərhəddə başqa insanlarla ünsiyyət qurmamalarına diqqət göstərilir”.