“Alyans” Canlı aləmin mühafizəsi İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu

433

“Alyans” Canlı aləmin mühafizəsi İctimai Birliyi, adından da göründüyü kimi, insan da daxil olmaqla, canlı olan hər bir varlığın mühafizəsi istiqamətində fəaliyyətini qurur. SosialMedia.az xəbər verir ki, bu barədə Birliyin sədri, həm də peşə üzrə təcili təxirə salınmaz tibbi yardım sahəsində mütəxəssis olan Mənsurə Rəsulzadə məlumat verib. O,qeyd edir ki, “İctimai Birlik olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin başlatdığı “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kompaniyasına qoşularaq, bütün imkanlarımızı bu istiqamətə yönəltməyi, hərtərəfli dəstək verməyi özümüzə borc bilirik”.

QHT sədri M. Rəsulzadə ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə Şura sədri Azay Quliyevin 2020-ci il qrant müsabiqəsində qalib gəlmiş layihələrin bir qisminin koronavirusla mübarizə istiqamətinə dəyişdirmək çağırışına da öz təmənnasız töhfəsini təklif edir. O. layihələrinin mövzularını və fəaliyyət planını koronavirusla mübarizə tədbirlərinə yönəldəcək qurumlara səhiyyə sahəsində də könüllü (ödənişsiz) mütəxəssis (ekspert) dəstəyini təklif edir.

M. Rəsulzadə öz məlumatında ictimaiyyətə kampaniya çərçivəsində qısa və ətraflı ola biləcək çağırışını da edib:

“Virus daşıyıcısı olan hər bir insan yanğın öncəsi tüstüləyən ocağa bənzəyir. Bu ocağa yaxınlaşan hər birimiz tüstünün alova çevrilməsinə kömək edəcək yanacaq işini görmüş oluruq.. Hələ üzərimizdə alovun kiçicik qığılcımından evimizə, ailəmizə də “pay apararıqsa”, nəticələrinin məsuliyyətini göz altına almarıqsa, təqsirkar virus deyil, onun şüurlu olaraq əsirinə çevrilən özümüz olacağıq. Hazırkı vəziyyətdə hamımız bir an elə hesab edək ki, cəmiyyətimiz “həmrəylik”, “iradə”, “xeyriyyəçilik”, “insani dəyərlər”, “nümunəvilik”, “gigienik“ kimi saflıq və “sabitliyin hər sahədə qorunmasında Dövlətimizin siyasətinə dəstək” kimi intizamlılıq imtahanının sınaqları qarşısındadır. Əziz sakinlərimiz, Prezident İlham Əliyevin vətəndaşlarımıza səsləndirdiyi “Biz, birlikdə güclüyük” şüarına dəstək verməyi, sınaqlardan“əla” qazanmağı arzu edirəm. Biz, qaydalara əməl etməklə həmrəylik nümayiş etdirir, güclü olduğummuzu sübut edirik!”