Cəsarət Hüseynzadə: “Hər birimiz ümumazərbaycan ailəsinin üzvüyük və məsuliyyətli olmağa borcluyuq”

197
“Koronavirus pandemiyası dünyanı cənginə almaqda davam edir. Bu gün artıq “COVID-19” infeksiyasına yoluxanların sayı 800 minə çatmaqdadır və böyük ehtimalla bir neçə günə bu rəqəm 1 milyonu ötəcək. Dünyada və xüsusən də inkişaf etmiş ölkələrdə vəziyyət həddindən artıq kritikdir.
Koronavirus pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədi ilə dövlət tərəfindən ardıcıl tədbirlər görülməkdədir. Ölkəmizdə bütün resurslar insanların sağlamlığının qorunmasına yönəldilib. Lakin dövlət tərəfindən həyata keçirilən bütün fəaliyyətlərə vətəndaşların da dəstək verməsi vacib məqamdır.” QHT.az xəbər verir ki, bu fikirləri Olaylar.az-a açıqlamasında İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.
QHT sədri qeyd edir ki, ölkə başçısı da bununla bağlı martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında öz fikirlərini bildirmişdi:  “Prezident ölkə əhalisinə göstərdikləri həmrəyliyə görə “Çox sağ ol!” dedi: “Bu, bir daha göstərir ki, biz, – mən bunu demişəm, bir daha demək istəyirəm, – böyük xalqıq, ən ağır dövrdə birləşə bildik. “Biz birlikdə güclüyük!” şüarı hesab edirəm ki, bu xəstəlik başa çatandan sonra da qüvvədə olacaq. Biz bu birliyi, həmrəyliyi nümayiş etdiririk.”
Lakin prezident başqa bir məqamla bağlı narahatlığını da dilə gətirdi. Prezident qeyd etdi ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir. “Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz.”
Əlbəttə ki, pandemiya ilə bağlı ən mühüm informasiyalar dövlət başçılarındadır. Ölkə başçısı nə maliyyə vəsaitlərində, nə ərzaq təminatında, nə də digər sahələrdə problemlərin olduğunu bildirmədi. Çünki dövlətimizin iqtisadi imkanları bir -neçə ay ərzində ola biləcək iqtisadi durğunluğu qarşılamaq gücündədir. 2020-ci ilin əvvəlinə olan məlumatlara görə, ölkəmizin ehtiyatları 51 milyard ABŞ dollarını keçib. Bu isə ölkənin xarici borcundan 5 dəfə çoxdur, illik ümumi daxili məhsulun dəyərinə bərabərdir.”
Cəsarət Hüseynzadə bildirir ki, narahatçılıq doğura biləcək yeganə məqam isə məsuliyyətsizlik edib, rəsmi qurumların müyyən etdiyi qaydaları pozmaqdır. Bu isə çox ağır nəticələrə gətirə bilər:
“Çünki bu xəstəlik, tez yoluxma gücünə malikdir və həndəsi silsilə ilə artır. Digər ölkələrdə olduğu kimi, ölkəmizdə də xroniki xəstəliklərin daşıyıcıları var və bu xəstəlik həmin şəxslər üçün çox ağır keçir və ölümlə nəticələnə bilər.
Sağlam insanların da yoluxduğu halda, cəmiyyət üçün təhlükəli daşıyıcıya çevirildiyini hər birimiz çox gözəl bilirik. Hamımızın ailəsində xroniki xəstəliyi olan insanlar ola bilər, yaxud yaşlı valideynlərimiz və ya yaxın qohumlarımız var. Ən əsası isə hər birimiz ümumazərbaycan ailəsinin üzvüyük və məsuliyyətli olmağa borcluyuq.
Dünyanın aparıcı tibb mütəxəssisləri koronavirus pandemiyasının qarşısının alınmasının yeganə yolunun xəstəliyin lokallaşdırılması və insanların sosial izolyasiya və özünütəcrid rejiminə keçməsidir.
Rəsmi qurumlar tərəfindən ardıcıl olaraq, mövcud vəziyyət dəyərləndirilməklə müvafiq addımlar atılır. Bildiyimiz kimi, artıq Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən yeni qadağalar qüvvəyə minib. İnsanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.”
İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri qeyd edir ki, mövcud stiuasiya milli təhlükəzliyin təmin olunması istiqamətində istənilən addımın atılmasını zəruri edir: “Əlbəttə ki, vətəndaşların qaydalara əməl etməməsi və hər hansı yeni stiuasiya daha da sərt addımaların atılmasını zəruri edə bilər. Maksimum 1 ay müddətində məsuliyyətli olmaqla, bu bəlaların qarşısnı ala bilərik.
Dövlət heç bir halda vətəndaşını köməksiz qoymayacaq. Sadəcə hər birimizdən məsuliyyətli vətəndaş olmaq tələb olunur. Rəsmi qurumlar tərəfindən özəl sektora dəstək proqramı hazırlanmaqdadır. Yaxın günlərdə ölkə vətəndaşları üçün sosial paketin də elan olunacağı gözlənilir.
Dahi filosof Sokratın sözləri ilə desək, sağlamlıq hər şey deyil, amma sağlamlıq olmayan yerdə hər şey heç nədir. Fikrimcə hər birimiz məsələyə bu prizmadan yanaşmalıyıq. Bu gün hər hansı və o qədər də həyatı vacib olmayan şəxsi təlabatlarımızı arxa plana keçirməliyik.
Mən xüsusən qeyd etmək istərdim ki, ötən dövr ərzində əksər dövlət qurumları ölkə başçısının qoyduğu tələblərlə bağlı çox ciddi fəaliyyət göstəriblər. Ölkənin mətbuat sektoru maarifləndirmə prosesində çox fəal iştirak edir. Eyni zamanda qeyri – hökumət təşkilatları da vətəndaşların maarifləndirilməsində və müxtəlif sosial kampaniyaların aparılmasında yeni təşəbbüslərlə çıxış edir.
İnanıram ki, hər birimiz vətəndaş məsuliyyəti nümayiş etdirməklə bu sınaqdan qalib çıxacağıq.”