Hərbçilərin mənzillə təmin edilməsi məqsədilə büdcədən 48,6 milyon manat vəsait sərf edilib

202

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının mənzillə təmin edilməsi məqsədilə 2019-cu ilin dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı sahəsi üzrə kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər” üzrə xərclərində 25,4 milyon manat vəsait nəzərdə tutulub.

SosialMedia.azın məlumatına görə, bu barədə “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda bildirilib.

Hesabatda qeyd edilib ki, bu vəsait də hesabat ilində tam olaraq icra edilib.

Eyni zamanda, həmin hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün əlavə olaraq 2019-cu ilin dövlət büdcəsinin “Müdafiə qüvvələri üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi” ilə bağlı xərclərindən 4,6 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər sahəsi üzrə “İslahatlarla bağlı xərclər”dən 18,6 milyon manat vəsait ayrılıb.

Ümumilikdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının mənzillə təmin edilməsi məqsədilə 2019-cu ilin dövlət büdcəsindən 48,6 milyon manat vəsait sərf edilib.

Bununla yanaşı, 2019-cu ilin dövlət büdcəsindən kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular nəzərə alınmaqla) pul kompensasiyasının ödənilməsi üçün 59,9 milyon manat vəsait ayrılıb.