Siyasətə əxlaqi dəyərlər gətirən və tarix yazan liderlər-Əkrəm Bəydəmirli

305

Azərbaycan Xalq Cümhuriyyəti haqqında xeyli tədqiqat aparılıb, kitablar, məqalələr yazılıb. Ancaq həmin tarixi dövr hər zaman öyrənilməlidir. Çünki tarix, keçmişdən ibrət dərsi götürüb gələcəyi qurmaq üçün önəmli bir məqamdır

Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması məni vətəndaş olaraq qürurlandırır. Bu insanlarda nə qədər güclü fədakarlıq, sözün yaxşı mənasında bir millətçilik olub ki, mümkün olmayan bir şeyi həyata keçiriblər. Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyə nail olmaqla, 114 min kv. km ərazini dünyaya tanıtmaqla müasir dövlətçiliyimizin əsasını qoyub. Bəlkə də həmin AXC qurulmasaydı Azərbaycan sonrakı dövrlərdə Rusiyanın hansısa muxtar vilayəti kimi qala bilərdi.

Bundan əlavə Xalq Cümhuriyyətinin yaradılıdığı şərait, ümumilikdə, o dövr çox dəhşətli idi. 1918-ci ildə mart ayından başlayan və may ayında da davam edən ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım bölgədə gərginlik ruh düşkünlüyü yaratmışdı. Müstəqillik haqqında düşünmək kiminsə çətin ağlına gələ bilərdi. Sadə insanlar yalnız canlarının hayında idi. Məhz belə məqamda millətin mübarizə əzmini qaldırmaq, müstəqilliyi bu insanlara bəxş etrmək və nəhayət baş qaldıran erməni separatizminin, vəhşiliyinin qarşısını çox peşəkarcasına almaq əsl fədakarlıq idi.

Son illər 1918-ci il soyqırım hadisələrini qismən də olsa tədqiq etməyə çalışmışam. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xəlil bəy Xasməmmədovun rəhbərliyi ilə yaradılan və fəaliyyət göstərən istintaq komissiyasının materialları ilə tanışam. Görün, bu fədakar insanlar qısa müddətdə nə qədər ciddi araşdırmalar aparıblar. Avtomobilin, texnikanın olmadığı həmin dövrdə soyqırımın baş verdiyi bütün kəndlərdə Xəlil bəy Xasməmmədovun rəhbərlik etdiyi bu komissiya araşdırma aparıb, qətlə yetirilən insanların yaxınları, ümumilikdə erməni vəhşiliyini öz gözləri ilə görən şəxslər dindirilib, protokollar tərtib olunub.

O zaman həmin istintaq komissiyası belə obyektiv tədqiqatlar aparmasaydı bəlkə də bu gün biz 1918-ci il soyqırımlarını qaranlıq tarix kimi unutmuşduq. Hər bir millətin öz keçmiş tarixindən qürur duyduğu, gələcəyinə işıq saldığı məqamlar var. Biz Xalq Cümhuriyyəti ilə qürur duymalıyıq. Belə müstəqil, demokratik dövləti qurduqlarına, 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırım faktlarını ciddi tədqiq etdiklərinə görə, bü gün həm Xəlil bəy Xasməmmədova, həm digər Xalq Cümhuriyyətinin qurucularına, liderlərinə rəhmət diləyirik Lakin onların səhvlərini təkar etməməliyik. Axı tarix və tarixdə yaşananlar həm də bir ibrət dərsidir.

Çağdaş dünya siyasətində maraqlara daha çox diqqət yetirilir. Təəssüf ki, belə siyasətdə dəyərlər unudulur. Bəlkə dünya da olan ədalətsizliklər, münaqişələrin uzanması buradan qaynaqlanır. Ancaq Xalq Cümhuriyyətinin liderləri siyasi idarəetmə sisteminə, ümumilikdə o dövrün siyasətinə əxlaqi dəyərlər gətirdilər. O zaman dünyada o cümlədən Avropada tam oturuşmayan demokratik seçki sistemini, idarəetmə ənənələrini, Azərbaycanda tətbiq etməyə cəhd göstərdilər. Azərbaycan dövlətinin yaranması, inkişafı uğrunda mücadilə aparan bu insanlar bu istəklərinə müəyyən mənada nail oldular.

Cümhuriyyətin önəmli simalarından olan Əli bəy Hüseynzadə yazırdı: “Biz istəyirik ki, ölkəmiz avropalıların mədəsində həzm olunmasın. Onların mədəsində həzm olunmamaq üçün bir çarə varsa, o da onların beyinlərinin məhsulunu alıb həzm etməkdən ibarətdir”. Gerçəkdən onlar böyük ideallar uğrunda mübarizə aparırdılar. Lakin dost olmayan qonşu dövlətlər Azərbaycanın uğurunu, dövlət kimi möhkəmlənməsini həm o zaman, həm indi həzm edə bilmirlər. Belə təhlükələr hər zaman gözləniləndir.

Sonda onu qeyd etmək istərdim ki, ermənidən hər zaman Azərbaycana xəyənət gəlib. O zamanda Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinə qarşı erməni xəyanəti öz işini gördü. Belə ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli, Parlamentinin sədri Həsən bəy Ağayev Tiflis şəhərində ermənilər tərəfindən, yenə həmin ildə Xalq Cümhuriyyəti xarici işlər naziri Fətəli xan Xoyski erməni terrorçusu Aram Yerkanyan tərəfindən qətlə yetirilib.