Cüdo üzrə Azərbaycan milli komandalarının baş məşqçiləri ilə müqavilə uzadılıb

199

Azərbaycanın cüdo üzrə kişi və qadınlardan ibarət yığma komandalarının baş məşqçilərinin müqavilə müddəti uzadılıb.

Bu barədə SosialMedia.az saytına Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov məlumat verib.

O bildirib ki, sözləşməsi bu ilin yayına qədər olan çalışdırıcılar ən azı daha bir il postlarında qalacaqlar. Buna səbəb Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ilin yayına ertələnməsi olub. Federasiya rəsmisi bu səbəbdən baş məşqçilərlə anlaşmanın avtomatik artırıldığını söyləyib: “Məşqçinin əsas işi Olimpiada ilə ölçülür. Hər iki millimizin məşqçiləri əzmkarlıqla çalışırlar. Pandemiya ilə əlaqədar uzun müddət evlərinə getmirlər, ailələrindən uzaq qapalı şəraitdə hazırlığı davam etdirirlər. Tam gücləri ilə işləyirlər. Yalnız Olimpiadada onların zəhmətini qiymətləndirmək olar”.

Qeyd edək ki, kişilərdən ibarət yığmamıza Ruslan Maşurenko, qadınlardan ibarət milli komandamıza isə Rəşad Məmmədov başçılıq edir.