Maska taxmamağın daha bir fəsadı

185

Pandemiya ilə əlaqədar ölkəmizdə karantin rejimi elan edilsə də, bəzi vətəndaşlar təhlükənin fərqinə varmadıqları üçün qaydaları kobud şəkildə pozurlar. Ekspertlər bildirirlər ki, bu insanların karantin qaydalarına əməl etməməsində psixoloji faktorlar da rol oynayır.

Sosialmedia.az bildirir ki, Məsələ ilə bağlı Axar.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, insanların karantin rejiminin tələblərinə riayət etməsi də, etməməsi də tamamilə psixolojidir.

“Mövcud karantin rejimi və onun tələblərinə demək olmaz ki, hamı riayət etmir. Karantin rejiminə ifrat dərəcədə riayət edən insanların sayı az deyil. Belə insanlar sosial məsafə gözləyir, gigiyena qaydalarına hətta normadan artıq riayət edirlər. Ünsiyyətdən belə qaçırlar. Yəni yoluxma ehtimalı belə insanlarda özünü qoruma instinkti ilə birlikdə kiçik paranoya kimi müşahidə olunur. Bəzi insanlar isə tam əks davranış sərgiləyir. Yəni bu insanlar mövcud karantin rejiminin tələblərini pozur, maska taxmır, şəxsi gigiyena qaydalarına riayət etmir, yaxın təmasdan çəkinmir. Bir sözlə, həm özü, həm də başqaları üçün potensial bir təhlükə mənbəyinə çevrilir”, – o bildirib.

Psixoloq qeyd edib ki, bir insanın belə tibbi maskadan, əlcəkdən istifadə etməməsi psixoloji təsir yaradır:

“Günün istisində maska taxan insanlar taxmayanları görür. Bu, mexaniki olaraq o insanlarda qıcıq oyadır ki, axı niyə onlar taxmır, mən taxıram. Bunlar insanın daxilində gərginlik, narahatlıq, özünə inamsızlıq kimi hallar yaradır. Maraqlıdır ki, adətən azlıq çoxluğa tabe olduğu halda bu situasiyada çoxluq azlığı təkrarlamağa meyil edir”.

E.Rüstəmov vurğulayıb ki, digər bir nüans vətəndaşların şüuraltına hopan davranış normalarıdır:

“Bizim xalq deyib-gülməyi, yaxın təması sevir. İllərdir görüşərkən sarılmaq, öpüşmək və s. davranışları tərgidə bilmirik. Bu gün də bəziləri maska ilə görüşür. Bu və bu kimi davranışlara adaptasiya olmaq problemi yaşayırıq. İnsanlar ilk növbədə özlərində bu davranışları dəyişməyə səy göstərməli, daha sonra başqa insanları da bu yöndə maarifləndirməlidirlər. Unutmamalıyıq ki, kütlə psixologiyası önəmlidir. Kütlə isə fərdlərin toplusudur. Yəni fərdi olaraq bu qaydalara riayət etsək, kütləvi olaraq da tez bir zamanda riayət edə bilərik”.