Pandemiya dövründə qapalı məkanda çox vaxt keçirmək səhhətimizə necə təsir göstərir? – MÜTƏXƏSSİS RƏYİ

820

Koronavirus pandemiyasına görə dünya ölkələrində, eləcə də Azərbaycanda tətbiq olunan özünütəcrid rejimi davam edir. İnsanların əksəriyyəti qapalı məkanlarda, yəni evlərində daha çox vaxt keçirir. Bəs aylarla qapalı məkanda olmaq insanların səhhətinə necə təsir göstərəcək?

 

“Koronavirus infeksiyası baş qaldırandan bəri insanların əksəriyyətində “Koronafobiya və Koronapsixoz” formalaşıb”. 

 

Mövzu ilə bağlı SosialMedia.az-a danışan ATU-nun dosenti, tibb üzrə fəlsəfə doktoru, infeksion xəstəliklər üzrə mütəxəssis Elza Orucova deyib ki, bütövlükdə, infeksion xəstəliklərdən qorunmaq üçün spesifk və qeyri-spesifik profilaktika vasitələri mövcüddur: “Bu günədək COVID-19 infeksiyasına qarşı spesifik vasitə kimi vaksin işlənib hazırlanmadığına görə qeyri-spesifik vasitələrdən mümkün olduğu qədər yararlanmaq lazımdır. Bu dönəmdə orqanizmin müqavimətini yüksəltmək üçün tam dəyərli qidalanma, günəşdən qaralma, fiziki və ya bədən tərbiyəsi, piyada hərəkətə üstünlük, normal yuxu rejimi, təbii biostimulyatorlar, açıq təmiz havada çox olmaq lazımdır. Eyni zamanda, sözügedən infeksiyadan xilas olmağın əsas yolları evdə qalma, sosial məsafə, qoruyucu maskanın geyilməsi, şəxsi gigiyenadır (əl və respirator). Əfsuslar olsun ki, bu qaydalara riayət etməyənlər az deyil. Yenidən sərt karantin rejimində açıq havada gəzməyə, günəş vannası qəbul etməyə qadağalar qoyuldu. Təbii ki, bunu arzulamazdıq”.

 

Elza Orucova bildirib ki, koronavirus infeksiyası baş qaldırandan bəri insanların əksəriyyətində “Koronafobiya və Koronapsixoz” formalaşıb: “Əbəs yerə deməyiblər ki, “panika, qorxu xəstəliyin yarısıdır” və ya “qorxu virusun özündən də təhlükəlidir”. Üstəlik, yayın istisində evdə qalmaq, havaya çıxmamaq, hərəkət etməmək çox çətindir, xüsusilə şəkərli diabetli xəstələr üçün. Təbii ki, bu insanları immunitetdən geri qoyur.

Bununla belə, düşünməliyik ki, yenidən bu qaydalara keçməkdə özümüz günah sahibiyik. Nəticədən çox səbəbi düşünməliydik.

 

İnkaredilməz faktdır ki, bəzi qrup insanlar xəstəliyi ciddiyə almayıb, çox saymazyana davranış göstərdilər. Bu, yenə davam edir. Belə ki, sosial məsafəni gözləmədilər, nəinki qoruyucu maska geyinmədilər, hətta onu düzgün geyinmə qaydasına əməl də etmədilər. Bunun da sonu acı nəticələndi. 

 

Deyirlər, bir işin savabı zərərindən, ziyanından çoxdursa, o iş təqdirəlayiq hesab edilməlidir və ona prioritet verilməlidir. Necə deyərlər, öncə bütün əhalinin sağlamlığıdır. Bu nöqteyi-nəzərə əsasən, səbr və dözüm nümayiş etdirib dövlətimiz tərəfindən qəbul edilən bütün qərarlara, tövsiyələrə hörmətlə yanaşmalıyıq və bu yanaşma da qarşılıqlı olmalıdır. Dövlətimiz üçün insanların sağlamlığı hər şeydən üstündür. Təsir də əks-təsirə bərabər olmalıdır. Önləyici mübarizə tədbirlərinin hamımız tərəfindən həyata keçməsini nəzərdə tutaraq ölkəmizdə bu infeksiyanın daha da geniş vüsət almaması üçün infeksion xəstəliklər üzrə bir mütəxəssis kimi xalqıma bir devizim var: “Ey insan, mən sizi əziz tuturam və çox sayğı bəsləyirəm! İstəyirəm ki, bu infeksiyadan güclü olasınız!”

 

Mütəxəssisin fikirlərindən də aydın olduğu kimi, özünü təcrid rejimi insanları koronavirus infeksiyasından qorusa da, yayın istisində evdə qalmaq, havaya çıxmamaq, insanların immunitetini zəiflədir. Maraqlıdır, postpandemiya dövründə əhalinin səhhətində yaranmış immun çatışmazlığı hansı məhsullara tələbatı artıracaq? Məhsul qiymətlərində bahalaşma gözlənilirmi?

 

“Postpandemiya dövründə kənd təsərrüfatı məhsulları bahalaşacaq”. 

 

İqtisadçı ekspert İsa Qasımov bildirib ki, pandemiyaya görə dünya əhalisinin əksəriyyəti məsafədən iş rejiminə keçid edib, onlayn xidmətlərə üstünlük verirlər: “Bu isə insanların qapalı məkanda daha çox olmasına gətirib çıxarır. Tibb elmindən də məlum olduğu kimi, qapalı məkanda çox olmaq insanların immunitet çatışmazlığına səbəb olur. İmmuniteti bərpa etmək üçün isə təbii məhsullara tələbat artacaq. Təbii kənd təsərrüfatı mallarına artan tələbat onların qiymətinə də təsir göstərəcək. Düşünürəm ki, postpandemiya dövründə kənd təsərrüfatı məhsulları bahalaşacaq”.