Azərbaycanın kino sənayesinə, senarilərin yazılışına münasibət dəyişməlidir-Əkrəm Bəydəmirli

303

SosialMedia.az//Azərbaycanda kino sənətinin tarixi 1898-ci ildən başlayıb. Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf Mişon “Balaxanıda neft fontanı” və “Bibiheybət neft mədənində yanğın” adlı xronikal süjetləri lentə almaqla milli kinomatoqrafiyamızın əsasını qoyub.

Azərbaycanda kino sənəti bütün dövrlərdə öz aktuallığını qoruyub saxlayır. Hətta müasir zamanda hər hansı texnoloji yeniliklər, müasir internet medianın sürətli inkişafı və digər amillər peşəkar film yaradıcılığına, ümumilikdə kino sənətinə kölgə sala bilməyib. Əksinə bu yeniliklər film istehsalına, onun əhatə dairəsinin genişlənməsinə müsbət təsir edir.

Təbii ki, yaxşı ssenari, peşəkar çəkilən bədii film öz auditoriyasını qorumaqla bərabər uzun müddət insanlara həm zövq, həm də güclü informasiya verir. Bəs, bizim telekanallar, kino çəkilişi ilə məşğul olan şirkətlər bu resurslardan necə faydalana biliblər?
Çox təəssüf ki, kino sahəsində, xüsusilə, serial çəkilişində mövcud olan problemlər dərinləşməkdədir. Bu gün Azərbaycanın teleməkanında xeyli seriallar çəkilib nümayiş olunur. Həmin kino nümunələrindəki problemlər əvvəllər necə olubsa indi yenə qalmaqdadır. Təbii ki, burada əsas səbəb maliyyə deyil. Düzdür kino iqtisadiyyatı, bu sahənin inkişafında maliyyə vacib məsələdir.

Müasir dövrdə istər sənədli, istərsə də bədii filmlərin, serialların peşəkar çəkilişi ən azından təbliğat baxımından zəruridir. Əsl gerçəyi dünyaya çatdırmaq üçün bədii filmlərimiz çox yaxşı bir vasitə ola bilər. Bu faktdır ki, yəhudilərin II dünya müharibəsində üzləşdikləri soyqırımı hadisəsini geniş auditoriyaya daha çox “Pianoçu” filmi tanıtdı. Bu kino nümayiş olunanda mən hər dəfə bu ekran əsərinə məmuniyyətlə baxıram. Həmin filmdə peşəkarlıq, kino sənətinə xas olan bütün sənət növlərinin sintezi, bəşərilik, insan ağrıları və digər incə məqamlar çox ustalıqla əks olunub. Tamaşaçı sanki unudur hansı xalqın faciəsindən söhbət gedir. Burada yəhudilərin faciəsi ümumi insanlıq dərdi kimi təqdim olunur. Bu filmdə dünyəvi kodlar var.

Azərbaycanın ədəbiyyat, incəsənət adamları belə uğurlu kodları tapıb dünya arenasına çıxa bilirlər. Bu baxımdan erməni xislətini ifşa edən “Əli və Nino” əsəri dünya xalqları tərəfindən çox maraqla oxunur. Digər sənət nümunələrimizdə belə uğurlu faktlar və kodlar var
Nəhayət, bizdə öz tariximizi möhtəşəm ssenarilərlə ekranlaşdırmalıyıq. Azərbaycanda çox peşəkarcasına film çəkmək ənənəsi heç bir xalqdan zəif deyil. Yetər ki, bu işlərə start verilsin.

Azərbaycanın kino sənayesinə, ssenarilərin yazılışına münasibət dəyişməlidir. Qeyri peşəkar, cəsarətsiz, zəif ssenarilərdən qurtulmaq üçün şəffaf müsabiqələr elan olunmalıdır. Bəlkə papaq altında elə oğlanlar var ki, sanballı ssenarilər ortalığa qoyacaq.