QHT-lərin İnkişaf İndeksinin 2019-cu il üzrə ölkə hesabatı təqdim edildi

210
Avqustun 4-də ABŞ İnkişaf Agentliyinin Vətəndaş Cəmiyyəti Təşkilatlarının İnkişaf İndeksinin (USAİD Sustainability İndex) 2019-cu il üzrə Azərbaycan ölkə hesabatının onlayn formatda təqdimatı keçirilib. Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri iştirak edib.
SosialMedia.az xəbər verir ki, bu hesabat 20 ildir hər il yenilənir və dünyanın 70-dən çox ölkəsində vətəndaş cəmiyyəti təşkilatlarının hüquqi mühiti, maliyyə davamlılığı, ictimai vəkillik, ictimai imici və digər meyarları üzrə dəyərləndirir.
Azərbaycan üzrə hesabatı təqdim edən QHT qanunvericiliyi üzrə ekspert Məhəmməd Quluzadə bildirmişdir ki, 2019-cu il üzrə Azərbaycan üçün 5.9 bal verilib, bu da 2018-ci illə müqayisədə irəliləyişin olmadığını göstərir.
Qeyd edilib ki, 2019-cu il üzrə ölkəmizdə 7 sahədən 5-də heç bir dəyişiklik müşahidə olunmayıb (hüquqi mühit, təşkilatı potensial, xidmətlərin göstərilməsi, infrastruktur, ictimai imic), iki sahə üzrə isə vəziyyət 2018-ci illə müqayisədə 0.1 bal irəliləmişdir. (maliyyə dayanıqlığı, ictimai maraqların müdafiəsi).
  VCT-lər dövlət maliyyələşdirməsinə daha çox çıxış imkanı əldə etməsi və hökumətin qrantları, ianələri və xarici xidmət müqavilələrini qeydiyyata almaqda davam etməsinin QHT sektorunun  maliyyə dayanıqlığına müsbət təsir göstərilməsi 2019-cü il hesabatında müsbət dəyişikliklər kimi qeyd olunur.
VCT-lərin ictimai maraqların müdafiəsinə yönələn fəaliyyətləri məhdud olaraq qalsa da, müəyyən yaxşılaşmalar mövcuddur. Belə ki, bəzi hökumət qurumları QHT-lərlər əməkdaşlığa daha çox istək nümayiş etdirmiş, qərarların qəbulu proseslərində VCT-lərin daha geniş dairəsinin iştirak etməsinə imkan yaradılmışdır.
Hesabatda həmçinin QHT rəhbərlərinin 2020-ci ilin fevralında parlament seçkilərində namizəd qismində qeydiyyata alınması və QHT-lərə Dəstək Şurasının QHT-lər üçün yaratdığı SƏLİS onlayn platforması müsbət addım kimi qeyd olunur.
Hesabatda problemli məsələlər kimi QHT-lərin qeydiyyatı, xarici qrantların qeydiyyatı, rayonlarda tədbirin keçirilməsi üçün icazələrin alınması və s. sadalanır.
Tədbir müzakirələrlə davam edib.