DGK məzunlarına diplom təqdim olundu

47

Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat səviyyəsini 2019/2020-ci tədris ili üzrə bitirən tələbələrə məzun diplomları təqdim olunub.

Sosialmedia.az xəbər verir ki, akademiya rəisi Qulu Novruzov məzunlara bundan sonrakı təhsil mərhələlərində və həyatda uğurlar arzulayıb.

Akademiya rəisi bildirib ki, pandemiyaya görə burada mart ayından dərslər və imtahanlar, o cümlədən buraxılış işlərinin müdafiəsi onlayn təşkil olunub. O, tələbələrin onlayn dərslərdə iştirakının və fənlərin məzmununun qavranılmasının yüksək səviyyədə olduğunu vurğulayıb.

Dördüncü kurs tələbələrinin istehsalat təcrübəsinin də karantin dövrünə təsadüf etdiyini bildirən Qulu Novruzov buna baxmayaraq buraxılış işlərinin müdafiəsi və səviyyəsinin ürəkaçan olduğunu və uğurla başa çatdığını xatırladıb.

“Nəzərdə tutulan akademik öhdəliklərin yerinə yetirilməsi üçün maksimum dərəcədə bütün lazımı işlər görüldü”, – Akademiya rəisi qeyd edib.

Qulu Novruzov keçənilki məzunların gömrük orqanlarında işlə təmin olunması haqda söz açıb. Akademiya rəisi bildirib ki, artıq ikinci ildir həqiqi hərbi xidmətini başa vurmuş məzunların sənədləri Akademiya tərəfindən Komitəyə göndərilir.

Daha sonra məzunlara diplomlar təqdim olunub.

Qeyd edək ki, 2019/2020-ci tədris ilində Akademiyadan 40 tələbə məzun olub. Onlardan 19 nəfəri “İqtisadiyyat”, 21 nəfəri “Hüquqşünaslıq” ixtisası üzrə bitirib.

Məzunların əksəriyyəti Azərbaycanın, o cümlədən Gömrük Akademiyasının və bir sıra xarici ölkələrin magistratura pilləsində təhsillərini davam etdirəcəklər. Məzun tələbələrdən həqiqi hərbi xidmətə gedənlər də var.