Ölkəyə 100 milyard gətirəcək layihə

130

Prezident İlham Əliyev ölkəmiz üçün böyük əhəmiyyəti olan Cənub Qaz Dəhlizinin ixrac potensialını artırmağı hədəfləyib. 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağının yenidən bərpa edilməsi də buna görədir.

Sosialmedia.az bildirir ki, Bunu Axar.az-a açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar Bayramov Prezident İlham Əliyevin avqustun 10-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak etməsi haqda danışarkən deyib. O bildirib ki, Prezidentin bu mərasimdə iştirakı çox vacib bir hadisədir:

“Çünki “Qarabağ” yatağı müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. Təəssüf ki, yataq 1990-cı illərdə lazımi texnologiya və qurğuların olmaması səbəbindən tərk edilmişdi. Lakin ölkəmiz bu gün nəinki son texnoloji qurğulara sahibdir, eyni zamanda öz milli potensialı hesabına ehtiyacı olan qurğuları hazırlaya bilir. Bu nəhəng qurğu da məhz Azərbaycanda inşa edilib”.

Millət vəkili bildirib ki, Cənub Qaz Dəhlizi həm Azərbaycan, həm də region üçün vacib layihələrdən hesab olunur:

“Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsində mümkün oldu. Düzdür, Azərbaycanın bu layihəsi müsbət qarşılanırdı, lakin Cənub Qaz Dəhlizinin reallaşması üçün xərclər də kifayət qədər çox idi. Azərbaycan bu layihənin reallaşmasında, maliyyə mənbələrinin tapılmasında xüsusi rol oynadı. Hansı ki, bundan sonra layihənin reallaşması üçün nəzərdə tutulan xərclər ilkin olaraq 45, daha sonra isə 40 və 30 milyard dollara qədər azaldı”.

Vüqar Bayramov Cənub Qaz Dəhlizinin verəcəyi faydalardan da danışıb:

“Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə öz mavi qazını Türkiyə və Avropa bazarına nəql edə biləcək. Hətta artıq Türkiyə bazarına mavi qaz nəql edilir.

Avropa bazarına ilkin olaraq 10 milyard, ikinci mərhələdə 20 milyard kub metr mavi qaz nəql etmək planlaşdırılıb.

Cənub Qaz Dəhlizi Azərbaycana 100 milyard dollar gəlir vəd edir. Bu mənada bu layihə iqtisadi baxımdan ölkəmiz üçün çox vacibdir. Digər tərəfdən bu yolla həm valyuta gəlirləri artır, həm də enerji satışından əldə edilən valyuta gəlirləri diversikasiya edilir.

Cənub Qaz Dəhlizinin eyni zamanda sosial əhəmiyyəti də var. Xüsusilə ölkədə məşğulluğun təmin edilməsinə birbaşa təsir göstərəcək. Həm layihənin icrası, həm də sonrakı mərhələsində kifayət qədər yeni iş yerləri imkanı yaradılacaq.

Cənub Qaz Dəhlizinin həm də strateji əhəmiyyəti var. Çünki bu, Azərbaycanın regiondakı mövqeyini daha da gücləndirməsinə gətirib çıxarır. Digər tərəfdən, bu, Avropa enerji təminatına töhfə verən bir layihədir. Çünki Azərbaycan Avropa üçün yeni alternativ mənbədir. Bütövlükdə bu layihə Avropanın qaz bazarında özünəməxsus paya sahib olacaq”.